BDYPİ: Piyada intizamı yol hərəkətində ən mühüm amildir

3 Dekabr 2025 10:45 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadaların iştirakı ilə qeydə alınan yol qəzalarının profilaktikası sahəsində tədbirlərini davam etdirir. Təqdim olunan videogörüntülərdən məlum olur ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar arasında hələ də qaydalara biganə yanaşan, əslində isə öz həyat və sağlamlığını təhlükəyə atanlar az deyil. BDYPİ-dən SİA-ya verilən məlumata görə, xoşagəlməz halların qarşısının vaxtında alınması məqsədilə təşkil olunan növbəti maarifləndirmə tədbiri zamanı da yolu nəzərdə tutulmayan yerdən keçərək özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi problem yaradan piyadalarla zəruri izahat işləri aparılıb, yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi barədə məlumat verilib.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, xüsusilə də piyadaların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə tədbirlər davam etdiriləcək.