Antarktida üzərindəki ozon dəliyi qeyri-adi şəkildə tez bağlanıb

3 Dekabr 2025 03:04 (UTC+04:00)

Antarktida üzərindəki ozon dəliyi bu il 2019-cu ildən bəri ən erkən müddətdə bağlanıb.

SIA xəbər verir ki, bu barədə Avropa İttifaqının Yer atmosferinə nəzarət proqramı olan “Copernicus” Atmosfer Monitorinq Xidmətinin (CAMS) məlumatında bildirilib. Bildirilib ki, ozon dəliyi dekabrın 1-də tamamilə bağlanıb. Bundan əlavə, ozon dəliyi ardıcıl ikinci ildir ki, nisbətən kiçik ölçüdə müşahidə olunur. Alimlər bunu ozon təbəqəsinin bərpa olunmasına dair ümidverici əlamət kimi qiymətləndiriblər.

Həmçinin, qeyd edilib ki, ozon dəliyinin ən geniş yayıldığı sentyabrda onun sahəsi təxminən 21 milyon kvadratkilometr olub. Müqayisə üçün 2023-cü ildə bu göstərici 26 milyon kvadratkilometrə yaxın idi. Noyabrda dəliyin sahəsi nəzərəçarpacaq dərəcədə kiçilib. Bu il ozon dəliyinin həm daha kiçik, həm də daha tez bağlanmasına bir sıra amillər, o cümlədən Antarktida üzərində stratosferdə ümumi ozon miqdarının daha yüksək olması təsir edib. Buna baxmayaraq, mütəxəssislərin fikrincə, ozon təbəqəsinin tam bərpası üçün hələ bir neçə onillik tələb olunacaq.

Qeyd edək ki, ozon Yer kürəsini Günəşin zərərli ultrabənövşəyi şüalarından qoruyan əsas təbəqədir. Onun qalınlığının azalması insanların və heyvanların immun sistemini zəiflədə, dəri xərçəngi və göz zədələri riskini artıra bilər. Bu təsir, həmçinin bitkilərin inkişafının zəifləməsinə və məhsuldarlığın azalmasına səbəb ola bilər.