Dekabrın 2-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclasda hökumət üzvləri iştirak ediblər.
Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyə 6 məsələnin – 2026-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda daxil edildiyini bildirib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi olduğunu nəzərə çatdırıb.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə məlumat verib.
O bildirib ki, “Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi həm komitələrdə, həm də Milli Məclisin plenar iclasında birinci oxunuşda geniş və konstruktiv şəkildə müzakirə olunub. Qeyd edib ki, müzakirələr zamanı deputatlar çıxış edərək bəzi təkliflər irəli sürüblər. Komitə sədri səsləndirilən fikirlərin sahəvi, regional və ictimai xarakter daşıdığını və bunun dövlət büdcəsi üçün əlavə maliyyə öhdəliyi yaratdığını, eyni zamanda, ölkəmizin sosial-iqtisadi inkişafına, dövlət siyasətinin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsinə, o cümlədən regionlarda mövcud problemlərin həllinə xidmət etdiyini söyləyib. O, deputatlar tərəfindən qaldırılan bəzi məsələlərin aidiyyəti dövlət qurumları tərəfindən nəzərdən keçirildiyini deyib.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Qüdrət Həsənquliyev, Ziyad Səmədzadə, Elçin Mirzəbəyli, Zaur Şükürov, Günay Ağamalı, Mahir Süleymanlı, Kamal Cəfərov, Tamam Cəfərova, Azər Kərimli, Vüqar Rəhimzadə, Tənzilə Rüstəmxanlı, Aydın Hüseynov, Samir Vəliyev, Səbinə Salmanova, Mehriban Vəliyeva çıxış ediblər.
Fasilədən sonra davam edən müzakirələrdə deputatlar Əminə Ağazadənin, Cavanşir Paşazadənin və Nurlan Həsənovun çıxışları olub.
Deputatlar 2026-cı il üçün nəzərdə tutulan dövlət büdcəsinin Azərbaycanın gələcək inkişafının, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, milli maraqların qorunmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət edəcəyini bildiriblər. Qeyd olunub ki, layihədə dövlət büdcəsinin parametrlərinin, makro-iqtisadi göstəricilərin yaxşılaşması, büdcənin sosialyönümlüyü, habelə büdcə xərclərinin Ümumi Daxili Məhsulda payının artdığı müşahidə edilir. Əhalinin sosial müdafiəsinin ildən-ilə güclənməsinin strateji vəzifələrdən olduğu və bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Sonra iclasda çıxış edən maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclaslarında 2026-cı ilin dövlət büdcəsi layihəsinin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı qaldırılmış məsələlərə münasibət bildirib.
Nazir ölkə iqtisadiyyatının və dövlət büdcəsinin neftdən asılılığının minimuma endirilməsi, qeyri-neft sektorunun inkişafına dəstək verilməsi üçün görülmüş işlər, bu sahələrdə əldə olunmuş nailiyyətlər və proqnozlar barədə məlumat verib. Sahil Babayev Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılmasının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb, dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi, neftin və qazın qiymətlərinin proqnozlaşdırılması, qeyri-neft sektorunun inkişafı üçün vergi yükünün optimallaşdırılması, muzdla işləyən əhalinin gəlir vergisi sahəsində tətbiq edilən güzəştlər və digər məsələlər barədə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Nazir, həmçinin dövlət büdcəsinin investisiya yönümlülüyünün qorunmasının, “Böyük qayıdış” proqramının icrasının, dövlət büdcəsinin sosial yönümlülüyünün, büdcədə təhsil, sosial müdafiə, sosial təminat, səhiyyə xərclərinin artırılmasının vətəndaşların rifahının daha da yüksəldilməsinə xidmət etdiyini qeyd edib, əhalinin tibbi sığorta ilə əhatə olunması ilə bağlı görülmüş işləri diqqətə çatdırıb.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin növbəti iki məsələsini – “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihələrini ikinci oxunuşda təqdim edib.
İclasda çıxış edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hər iki fondun büdcələrinin icmal büdcənin və büdcə zərfinin mühüm tərkib hissəsi olduğunu deyib, hər iki layihə ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.
Sonra “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxış edərək, Prezident İlham Əliyevin siyasətində insan amilinin prioritet təşkil etdiyini vurğulayıb. O, ölkəmizdə sosial müdafiə, məşğulluq, əmək münasibətləri sahəsində davamlı işlərin görüldüyünü, ötən müddət ərzində 4 milyon vətəndaşımızı əhatə edən 4 sosial islahat paketinin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, bu islahatlar əhalinin sosial müdafiəsinin təmin olunmasına, gəlirlərinin artırılmasına, sosial rifahın yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib.
Nazir bildirib ki, bu islahatların davamı olaraq 2025-ci ilin əvvəlindən başlayaraq sosial sahədə 5-ci sosial islahat zərfinin icrasına başlanılıb. Bu çərçivədə 1,9 milyon şəxsi əhatə edən və 885 milyon manat vəsaiti özündə ehtiva edən, həmçinin pensiyaların indeksləşdirilməsi də nəzərə alınaraq, 1,4 milyard manatlıq sosial islahat zərfi həyata keçirilib. O, cari ildə minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinət və təqaüd ödənişlərinin, tələbə təqaüdlərinin, ünvanlı dövlət sosial yardımının, ölkə üzrə yaşayış minimumunun, ehtiyac meyarının artımı ilə bağlı rəqəmləri də səsləndirib.
İclasda komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, layihəyə əsasən, yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir. Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. O, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyən olunan ehtiyac meyarının həddinin 5,3 faiz artırılaraq 300 manata çatdırıldığını bildirib.
İqtisadi komitə sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədri layihənin birinci oxunuşda plenar iclasda geniş müzakirə edildiyini, qaldırılan məsələlərlə bağlı həm komitə, həm də aidiyyəti qurumlar tərəfindən ətraflı şərhlərin verildiyini bildirib. O, vergi sisteminin təkmilləşdirilməsinin davamlı və uzunmüddətli xarakter daşıdığını deyib. Bu baxımdan irəli sürülən bir sıra təkliflərə perspektiv dövrdə müvafiq qaydada baxılmasının məqsədəmüvafiq hesab olunduğunu söyləyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu məsələ ilə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.