Gəncədə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Yaşıl gələcək naminə” aksiyasına start verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ekoloji aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. Layihə çərçivəsində Gəncədə yerləşən dini məbədlərdə yaşıllaşdırma tədbirləri görülüb.
Aksiyada şəhərdə fəaliyyət göstərən dini konfessiya nümayəndələri, gənclər, könüllülər və ictimaiyyət fəalları bir araya gələrək ağacəkmə və abadlıq işlərində iştirak ediblər. Tədbir zamanı ağac tingləri əkilib, mövcud yaşıllıq sahələrinin bərpası və genişləndirilməsi istiqamətində işlər aparılıb.
Aksiyanın məqsədi dini icmalar arasında həmrəylik və qarşılıqlı əməkdaşlıq mühitini gücləndirmək, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və yaşıllıq sahələrinin artırılması prosesinə töhfə verməkdir.
Qeyd edək ki, aksiya dekabrın 10-dək davam edəcək.