Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan eyniadlı ədəbi-musiqili proqram təqdim edilib
Dekabrın 1-də Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan "Səninlə dünyada bəxtiyaram mən" adlı ədəbi-musiqili proqram təqdim edib. Xalq artisti Mehriban Zəkinin aparıcılıq etdiyi tədbir ədəbiyyat və musiqinin həmahəngliyi ilə tamaşaçılara xoş ovqat bəxş edib.
Konsertdə Cahangir Cahangirov adına Xorun bədii rəhbəri, Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə kollektiv müxtəlif musiqi janrlarını – muğam, estrada, klassik bəstəkar yaradıcılığı və caz elementlərini özündə birləşdirən geniş repertuar təqdim edib. Şairin sözlərinə unudulmaz bəstəkar Emin Sabitoğlunun bəstəsi olan "Azərbaycan" əsəri ilə başlanan konsert proqramı azərbaycan bəstəkarlarının şairin sözlərinə bəstələdiyi dillər əzbəri olan mahnılarla davam edib. Gecə boyu Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin yuxarı sinif şagirdlərindən ibarət rəqs kollektivinın çıxışı tədbirə xüsusi rəng qatıb.
Xalq artisti Mehribam Zəkinin ifasında şairin poeziyasından nümunələr gecənin bədii xəttini daha da zənginləşdirib. Teatrallaşmış şəkildə təqdim edilən musiqi nömrələri, şairin məşhur şeirləri ilə vəhdət təşkil edərək tamaşaçılara Bəxtiyar Vahabzadənin bir daha Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarından biri olduğunu nümayiş etdirib. Konsert boyunca xorun və solistlərin ifasında "Biri sənsən, biri mən", "Dodaqda gəz", "Gecələr bulaq başı", "Sən güldən də gözəlsən", "Sənin vüqarın mənəm", "Bir millət, iki dövlət", "Ana torpaq" kimi əsərlər də səsləndirilib. İfaları Əməkdar artist Nərgiz Əliyeva (piano), Səxavət Məmmədov (tar), Yusuf Rüstəmov (nağara), Röyal Heydərli (saz), Hüseyn Ələkbərli (balaban) və Mahir Quliyev (kamança) müşayiət edib.
Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr edilən ədəbi- musiqili gecə şairin Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarından olduğunu, poeziyasının insanı daim mənəvi ucalığa səslədiyini, poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində böyük rol oynadığını musiqi və şeirin dili ilə nümayiş etdirib.