“Müharibə aparan dövlətlər üçün həm siyasi, həm iqtisadi, həm də hərbi təsirlər yaradır. Bu təsirlər, əsasən, mənfi olur, çünki iqtisadiyyat və siyasət müharibəyə yönəlir və digər sahələr kölgədə qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, müharibə zamanı iştirakçı ölkələr bütün diqqətlərini bu prosesə cəmləyir, digər sahələr isə zəifləyir:
“Digər dövlətlərə gəlincə, müharibənin təsirləri əsasən iqtisadi xarakter daşıyır. Çünki bu gün qloballaşma şəraitində ölkələr iqtisadi baxımdan bir-birinə bağlıdır. Qlobal nizama dəyən zərər bütün ölkələrə müxtəlif dərəcələrdə təsir göstərir. Ancaq bu təsirdən tam sığortalanmaq mümkün deyil. Qapalı siyasət yürüdən ölkələr belə bu təsirdən yan keçə bilmir. Məsələn, Şimali Koreya, İran, Venesuela kimi ölkələrdə biz bunun nəticələrini daha aydın şəkildə görə bilirik.
Hazırda gedən müharibələrin, məsələn, Ukrayna-Rusiya savaşının təsirləri təkcə regionla məhdudlaşmır. Bu, Avropa, ABŞ və digər dünya ölkələrinə də iqtisadi və siyasi baxımdan təsir göstərir. Xüsusilə, iqtisadi zəncirlər qırılır, tədarük kanalları pozulur, hərbi sənayenin gücləndirilməsinə daha çox diqqət yönəlir. Bu da sivil sahələrə ayrılan resursların azalmasına səbəb olur. İkinci Qarabağ Müharibəsinə gəlincə, Azərbaycan bu müharibəyə hazır idi və ona görə də bu savaş ölkənin iqtisadi və siyasi gücünə ciddi zərər vurmadı. Azərbaycan müharibəni qısa zamanda, planlı şəkildə və çevik formada apardı. Bu da təsirlərin minimuma endirilməsinə imkan verdi.
Ancaq, ümumilikdə, müharibələr qlobal və regional iqtisadiyyata, dövlətlərin sosial rifahına və beynəlxalq münasibətlərə ciddi zərbə vurur. Xüsusən də ani baş verən qarşıdurmalar iqtisadi baxımdan daha ağır fəsadlara səbəb ola bilir”.