“Ulu Öndər Heydər Əliyevin tariximizdə yeri və rolu əvəzsiz və böyükdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev sıfırdan dövlət qurmağı öyrətdi və qurdu:
“Xaos və siyasi sabitsizlik şəraitində mərkəzləşdirilmiş dövlət qurmağın Azərbaycan modelini yaratdı. Heydər Əliyevə qədər Azərbaycanın 2 illik müstəqillik dövrü formal müstəqillik idi. Ondan əvvəlkilər çox çalışdılar ki, xarici təcavüzün dayandırılmasının və sabitlik yaradılmasının düsturunu tapsınlar. Ancaq onlar Ulu Öndər Heydər Əliyevə qədər nədən başlayacaqlarını tapa bilmədilər. Onlar sadəcə vurnuxdular, sonda da başları hərləndiyi üçün yıxıldılar. Ümumilli Lider Heydər Əliyev öyrətdi ki, güclü hakimiyyət qurmaq üçün öncə gərək nədən başlayıb nədən qurtarmağı dəqiq biləsən. Bugünkü Ukraynaya baxın. Donald Tramp kimi qüdrətli dövlətin başçısı aylardır çalışır, ancaq Ukraynada qeyd-şərtsiz atəşkəs yarada bilmir. Ukraynada atəşkəsə nail olmaq üçün bəlkə də bütün dünya çalışır. Ancaq hələ də ortada bir nəticə yoxdur. Ulu Öndər Heydər Əliyev isə cəmi 11 ayın içində Ermənistanla atəşkəsə nail oldu. Ümummilli Liderin əldə etdiyi atəşkəs ərazi itkisi deyildi, məğlubiyyət deyildi. Gələcək qələbənin fundamentini yaradan hazırlıq dövrü idi. Heydər Əliyev müstəqil dövlətdə cəmi 10 il dövlət başçısı oldu. 10 ildə böyük bir dövr üçün davamlı hakimiyyətin əsaslarını yaratdı”.