Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektlərinə müraciət edir. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.
Belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Qanunun tələblərinə uyğun olması barədə agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.
Rəyin əldə olunması üçün yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektləri yanacaqdoldurma obyektinin fəaliyyəti üçün zəruri olan qurğu, avadanlıq (o cümlədən, ölçmə vasitələri) yeni quraşdırıldığı (istifadəyə verilmədiyi), eləcə də istismarda olduğu halda, tələb olunan müvafiq ərizə formasını doldurmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şəxsən və ya səlahiyyətli nümayəndə tərəfindən birbaşa ərizə, rəsmi internet səhifəsi və ya elektron poçt ([email protected]) vasitəsilə müraciət etməlidirlər.
Ərizəçi müraciət etməzdən əvvəl ona məxsus yanacaqdoldurma obyektində olan ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə məlumatların agentliyin dövlət reyestrində mövcudluğunu yoxlamalı, daha sonra mallara (qurğu, avadanlıq, ölçmə vasitəsi və s.) dair akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sənədləri ərizəyə əlavə etməlidir.
Qeyd edək ki, tələb olunan sənədlərin verilməsini həyata keçirən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar barədə məlumat agentliyin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzinin rəsmi internet səhifəsindən əldə oluna bilər.