Dünya dəyişir…
Dəyişdikcə də insanlar arasında görünməz bir rahatlıq yayılır:
“Onsuz da süni intelekt var… o edər.”
Əvvəllər insan beyninin gücü ilə edilən işlər vardı, düşünmək, axtarmaq, araşdırmaq, çətinlik çəkib nəyəsə nail olmaq vardı.
Hər bir nəticənin arxasında zəhmət dayanırdı. İndi isə bir toxunuşla sualın cavabını almağa o qədər adət etmişik ki, sanki düşünmək lüksə çevrilib.
Artıq bütün sahələrə süni intelektin gücü tətbiq olunur.
Süni intellekt bizim işimizi asanlaşdırdı…
Amma bu asanlıq bizi yavaş-yavaş özümüzdən uzaqlaşdırır.
Artıq insanlar cavab tapmaqdan çox, cavabı kimdən alacağını düşünür. Beyin daha az işləyir, hafizə daha çox unudur, müşahidə qabiliyyəti zəifləyir. Çünki rahatlıq insanı sərtləşdirmir, yumşaldır. Həddindən artıq rahatlıq isə insanı zəiflədir.
Bir vaxtlar biz özümüz araşdırırdıq, öyrənirdik, sual verirdik.
İndi isə cavabı bir dəqiqədə tapmaq üçün düşünməkdən qaçırıq. Elə bil həyatın tez-tez “Narahat olma, mən burdayam, deyə bilərəm!” deyən görünməz köməkçisi var.
Amma ən təhlükəlisi nədir bilirsən?!
İnsan özünü ağıllı sanmağa başlayır, halbuki artıq daha az düşünür.
Süni intelektin beynimizdə işğal etmədiyi tək sahə , hisslərimizdir.
Hələlik…
Çünki robot düşünə bilər, amma hiss edə bilməz. İnsan isə düşünmədən hiss edə bilər, bu da ən böyük uçurumdur. Bir gün gələcək, süni intelekt bizim üçün düşünəcək, biz isə sadəcə yaşadığımızı zənn edəcəyik.
Bir zamanlar biz texnologiyanı idarə edirdik…
İndi isə texnologiya bizim düşünmə tempimizi idarə edir.
Biz soruşuruq, o cavab verir.
Biz susuruq, o danışır.
Biz yoruluruq, o davam edir.
Bəlkə də problem süni intelektdə deyil…
Problem bizim ona təslim olmağımızdadır.
İnsan düşünəndə insandır.
Düşünmədiyi gün, insan olmağı unudar.
Süni intellekt bizim işimizi asanlaşdırdı, doğrudur…
Amma düşünmək gücümüzü əlimizdən almağa başladığını görmürüksə, bu artıq təhlükəsizlik məsələsi deyil , bu, bəşəriyyətin gələcək yaddaşı üçün təhdiddir.
Görəsən 50 ildən sonra insanlar bir sualın cavabını öz beyni ilə tapanda bunu həkim nəzarətində etməli olacaq?..
Bəlkə də bu köşəni yazmağımın tək səbəbi bir xatırlatmadır:
İnsan beyni tənbəllik sevmir.
Rahatlıq onu öldürür.
Düşünmək isə yaşadır.
Günay Hacıyeva