Xəzərin qurumasında Rusiya faktoru nə qədər inandırıcıdır? - EKSPERT RƏYLƏRİ

2 Dekabr 2025 15:47 (UTC+04:00)

Son illərdə Xəzər dənizinin səviyyəsinin kəskin dəyişməsi və ekoloji problemlərin artması region ölkələrinin diqqətini cəlb edib. Xüsusilə bəzi ekspertlər bu prosesdə Rusiya amilinin rolunu vurğulayır və onun ekologiya siyasətinin və sənaye fəaliyyətlərinin dənizdə su balansına təsirini qeyd edirlər. Bəzi hallarda bu, geosiyasi təsir və regional maraqlar kimi izah edilə bilsə də, çox zaman ekoloji problemlərin digər səbəbləri və qlobal iqlim dəyişiklikləri də nəzərə alınmalıdır. Bəs Xəzərin qurumasında Rusiya faktoru nə qədər həqiqətən önəmlidir? SİA mövzu ilə bağlı siyasi ekspert Abutalıb Səmədov və Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənovanın fikirlərini öyrənib.

Xəzər dənizinin səviyyəsinin enməsində bir sıra amillər mühüm əhəmiyyət daşıyır. Yağıntının azalması, temperaturun artması, buxarlanmanın intensivləşməsi kimi hallar təkcə Xəzərdə deyil, digər əsas su obyektlərində də, ümumilikdə regionda müşahidə olunur deyə, siyasi ekspert Abutalıb Səmədov qeyd edib.

Onun sözlərinə görə, Xəzərə 130-dan artıq çay tökülür. Ancaq bunlar arasında həlledici rol Volqa çayına və müəyyən qədər də Ob çayına məxsusdur: "Volqa çayı Xəzərin əsas qidalandırıcısı hesab olunur və onun Xəzərə tökülməsi həlledici əhəmiyyətə malikdir. Eyni zamanda, Rusiya və Qazaxıstandan keçən Ob çayı da Xəzərin qidalanmasında mühüm rol oynayır. Volqa və Ob çayları üzərində çoxsaylı obyektlərin — su elektrik stansiyalarının və digər su qurğularının — tikilməsi təbii ki, Xəzərə axıdılan suyun səviyyəsini çox aşağı salıb. Bu amil Xəzərin səviyyəsinin enməsində həlledici rol oynayır.

Bunu da demək lazımdır ki, Xəzərin səviyyəsinin enməsindən zərər çəkən təkcə Azərbaycan deyil. Ən azı Azərbaycan qədər Rusiya da Xəzərin səviyyəsinin enməsindən əziyyət çəkir və bu problem bölgə ölkələrinin ümumi problemidir. Təəssüf ki, hələlik Rusiya bu problemin həllində elə də böyük maraq göstərmir. Ancaq uzun müddət bu problemin həlli ilə bağlı müzakirələr aparmadan keçinmək mümkün olmayacaq. Çünki Xəzərin səviyyəsinin enməsi bütün Xəzəryanı dövlətlər üçün ciddi problemlər yaradır".

Ekoloq İradə Həsənova açıqlamasında Xəzər dənizinin 5 ölkədə sahil xətləri ilə dünyanın ən böyük gölü kimi tanınıdığını vurğulayıb: ".Xəzər dənizinin ümumi sahəsi təxminən 370 min kvadrat kilometrdir. 130-a yaxın çayın axdığı Xəzərin şimal və cənub hissələri arasında fərq var. Məsələn, dənizin şimal hissəsində su az duzludur və orta dərinliyi 5 metrdən çox deyil, cənub hissəsində isə su daha duzludur və dərinliyi 1025 metrə çatır.
Son illər suyu nəzərəçarpacaq dərəcədə çəkilən Xəzərin ekoloji vəziyyəti narahatlıq doğurur. 2005-2023-cü illər arasında dənizin səviyyəsinin 185 sm aşağı düşməsi ilə 31 min kvadrat kilometr su sahəsi itirilib. 2100-cü ilə qədər dəniz səviyyəsinin 18 metrə qədər enə biləcəyi proqnozlaşdırılır. Xəzər dənizinin ən uzun sahili kimi tanınan Qazaxıstan tərəfində su sahəsi son 15 ildə 7,1 faiz azalıb.

Hazırda Xəzər dənizinin ekoloji vəziyyəti olduqca gərgindir.Dənizin şelf zonasında problem daha da kəskindir.Dənizin müxtəlif ərazilərində ölü zonalar yaranmışdır.Artıq bəzi yerlərdə çirklənmənin orta həddi 10-20 dəfə artıb.Xəzər dənizin çirklənməsi aşağıdakı hallarda baş verir;
1.Xəzərə axan çaylarla gələn çirkləndiricilər;
2.Sahil zonalarından və sənaye obyektlərindən axıdılan çirklənmələr;
3.Dənizdə neft hasilatı ilə bağlı çirklənmə;
4.Sahil zonalarında su altında qalan mənbələrdən çirklənmə.

Elmi araşdırmalar göstərir ki,Xəzərin səviyyəsinin düşməsinin 80-90%-i iqlim dəyişikliyi və su itkisi ilə bağlıdır.Volqa çayında suyun azalması Xəzər dənizinin azalmasına səbəb olan amillərdən biridir. Bildiyimiz kimi Xəzərə daxil olan suyun 80%-i Volqadan gəlir.Son illərdə iqlim dəyişikliyi ,qurqalıq ,çay hövzəsində buxarlanmanın artması su axınını azldır.Rusiyada Volqa boyunca 11 böyük su anbarı var.Bu da Xəzərə çatan suyun miqdarını azaldır.Volqa hövzəsində böyük zavodlar(xüsusən Samara,Saratov,Volqoqrad zonaları) su istehlakını artırır.Bu isə axını bir qədər də azaldır.Rusiya faktorunun Xəzərin qurumasına təsiri qismən realdır,amma əsas səbəb deyil.Əsas səbəb iqlim dəyişikliyidir.
Xəzər dənizinə ildə 75 min ton neft məhsulları gətirilir ki, bunun da 60 faizi Volqa çayının payına düşür.

Xəzərətrafı ölkələrin arasında dənizin birgə mühafizəsi üçün yekdil razılıq və saziş olmadığına görə onu qorumaq mümkün deyildir.Xəzər dənizinin hazırda səviyyəsinin dəyişməsi sahil zonalarında ekoloji və sosial-iqtisadi problemlər yaratmışdır.Məsələn dənizin səviyyəsi hal-hazırda enməkdə davam edir.Belə olduğu halda ekoloji problemlərlə yanaşı hidrotexniki qurğuların o cümlədən limanların yenidən qurulması zərurəti yaranır.Bu isə Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsinin azalmasına gətirib çıxarır.

Alimlərin dediklərinə əsasən, son 15-20 ildə Xəzər dənizinin ekoloji vəziyyəti, iqlim dəyişikliyi, dəniz səviyyəsinin qalxıb-enməsi çirklənmə və digər antropogen və təbii amillərin birgə təsiri nəticəsində xeyli dəyişib. Yadda saxlamalıyıq ki ,Xəzər dənizi bizim hər birimizin nemətidir.Bu neməti isə qorumağa borcluyuq".