“Kurikulum islahatları dönüş yaratsa da, yenilənməsinə ehtiyac var” - EKSPERT AÇIQLADI

2 Dekabr 2025 14:40 (UTC+04:00)

"Müasir dövrdə təhsil sistemləri çox sürətlə dəyişən əmək bazarına, texnoloji transformasiyaya və yeni bacarıq tələblərinə uyğunlaşmaq məcburiyyətindədir. Buna görə də, mövcud kurikulum sisteminin bu günün reallıqlarına tam cavab verib-vermədiyi sualı aktuallığını qoruyur". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan təhsilində kurikulum islahatları mühüm dönüş yaratsa da, indiki mərhələdə sistemin yenilənməsinə ciddi ehtiyac mövcuddur: "İlk növbədə, 2008-ci ildən tətbiq olunan kurikulum modeli şagirdyönümlü yanaşmanı, aktiv öyrənmə metodlarını və kompetensiyaya əsaslanan təlimi təbliğ edirdi. Bu istiqamətdə müəyyən uğurlar əldə edilsə də, kurikulumun məzmunu müasir bacarıq tələbləri ilə tam uyğunlaşmır. Dünya artıq rəqəmsal savadlılıq, tənqidi düşüncə, media savadlılığı, problem həlli, emosional zəka və STEM bacarıqlarını prioritet saydığı halda, mövcud kurikulumda bu sahələr tam sistemli şəkildə əksini tapmayıb. Digər vacib məsələ praktiki və tətbiqi biliklərin azlığıdır. Kurikulum nəzəri məlumatlara nisbətən daha çox önəm verir, halbuki qlobal təhsil modelləri real həyat bacarıqlarının – layihə işi, tədqiqat, müzakirə və yaradıcı tətbiq – üzərində qurulur. Şagirdlərin təcrübəyə əsaslanan öyrənmə imkanları məhduddur və məktəb-iş dünyası əlaqələri hələ də zəifdir. Bundan əlavə, müəllim hazırlığı kurikulumun tələblərinə tam uyğun deyil. Müəllimlərin əhəmiyyətli qismi yeni metodologiyaları praktikada tətbiq etməkdə çətinlik çəkir. Bu da kurikulumun nəzərdə tutduğu inkişaf potensialını tam reallaşdırmağa imkan vermir. Kurikulum təlimi yalnız bir dəfə keçirilən seminarla bitməməli, davamlı və praktik mentorluq mexanizmi ilə dəstəklənməlidir.

Qiymətləndirmə sistemi də yenilənməyə ehtiyac duyur. Hazırda summativ qiymətləndirməyə üstünlük verilir, lakin dünya formativ qiymətləndirmənin, yəni proses yönümlü ölçmənin daha effektiv olduğunu göstərir. Şagirdin yalnız nəticəsi deyil, inkişaf dinamikası da nəzərə alınmalıdır. Kurikulumun yenilənməsi bir neçə istiqamətdə aparılmalıdır: rəqəmsal bacarıqların genişləndirilməsi, "STEM" və "STEAM" proqramlarının gücləndirilməsi, əmək bazarı ilə uyğunlaşdırılmış fənn məzmunu, daha çevik və şagirdin maraqlarını nəzərə alan modul tipli proqramlar, həmçinin layihə və tədqiqat əsaslı öyrənmənin geniş tətbiqi.

Azərbaycan kurikulumu öz dövrü üçün müasir və irəliyə doğru addım idi, lakin bugünkü texnoloji və sosial dəyişiklikləri nəzərə alsaq, sistemin yenilənməsi qaçılmazdır. Yeni kurikulum daha çevik, bacarıq yönümlü, gələcəyin peşələrinə hazırlayan və müəllim haqqında düşünülmüş dəstək mexanizmləri ilə tamamlanan model olmalıdır. Bu yenilənmə təhsil sisteminin rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcək nəsillərin daha güclü və müasir dünyaya uyğun hazırlanmasına imkan verəcək".