"Kiçik və orta bizneslərin (KOB) iqtisadiyyatda dayanıqlı inkişafın təmin olunmasında rolu danılmazdır. Lakin bu sektor üçün ən ciddi problemlərdən biri maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Ənənəvi bank kreditləri çox vaxt sərt şərtlərə malik olduğundan, sahibkarların böyük qismi əlavə maliyyə cəlb etməkdə çətinlik çəkir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, KOB-ların maliyyələşməsi üçün yeni və daha çevik mexanizmlərin tətbiqi artıq zərurətə çevrilib: "İlk növbədə, rəqəmsal maliyyə platformalarının genişləndirilməsi mühüm rol oynaya bilər. Dünyada “fintech lending” və “open banking” modelləri sahibkarın klassik bank tarixindən daha çox onun real dövriyyəsini, satış məlumatlarını və rəqəmsal fəaliyyətini nəzərə alır. Bu cür rəqəmsal reytinq mexanizmləri Azərbaycanda da tətbiq olunsa, KOB-lar daha ədalətli şərtlərlə maliyyə əldə edə bilər. Bundan başqa, faktoring və tədarük zənciri maliyyələşməsi KOB-ların likvidlik çatışmazlığını aradan qaldıran effektiv alətlərdəndir. Ödənişlərin gecikməsi və dövriyyə vəsaitinin çatışmazlığı bir çox kiçik biznesi çətin vəziyyətə salır. Dövlət dəstəyi ilə aşağı faizli faktoring fondlarının yaradılması bu problemi əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. Eyni zamanda, mikrosahibkarlar üçün gündəlik dövriyyəyə əsaslanan “pay-as-you-earn” kredit modelləri də tətbiq oluna bilər.
KOB-ların maliyyələşməsində dövlət zəmanətli kreditlərin daha çevik modelə keçməsi də vacibdir. Hazırda bu mexanizm mövcud olsa da, prosesi çox vaxt bürokratiya ləngidir. Innovasiya, ixrac və regionlarda biznes qurmaq kimi sahələr üçün hədəfli zəmanət proqramlarının yaradılması həm bankların riskini azaldar, həm də sahibkarların maliyyəyə çıxışını sürətləndirər. Digər bir mühüm istiqamət isə kütləvi investisiya platformalarının – "crowdfunding" və "crowdlending" modellərinin geniş tətbiqidir. Bu mexanizmlər xüsusilə startaplar və yaradıcılıq sektoru üçün effektivdir və biznes ideyalarının cəmiyyət tərəfindən maliyyələşməsinə imkan yaradır. Azərbaycanda bu sahədə normativ baza formalaşdırılarsa, alternativ investisiya kanallarının sayı artar.
Sənaye parklarında və klasterlərdə ortaq investisiya fondlarının yaradılması da KOB-lar üçün yeni perspektivlər aça bilər. Eyni sahədə fəaliyyət göstərən müəssisələrin birgə texnologiya, avadanlıq və infrastruktur investisiyası həm xərcləri azaldır, həm də risklərin bölüşdürülməsini təmin edir. KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi iqtisadi inkişaf üçün strateji əhəmiyyət kəsb edir. Alternativ maliyyələşmə mexanizmlərinin, rəqəmsal kreditləşmə, faktoring, dövlət zəmanətinin modernləşdirilməsi və kütləvi investisiya platformalarının tətbiqi yaxın illərdə kiçik və orta biznes sektorunda “oyun dəyişdirici” rol oynaya bilər. Bu istiqamət üzrə dövlət, banklar və özəl investisiya institutları arasında koordinasiyanın gücləndirilməsi isə prosesin effektivliyini daha da artıracaq".