"ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı irəli sürdüyü “sülh planı”nın bəzi təfərrüatları, xüsusilə Rusiyanın faktiki nəzarətində olan ərazilərin gələcək statusu məsələsi, beynəlxalq müzakirələrdə təbii olaraq ciddi narahatlıq doğurur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, çünki planın reallığa əsaslanan “pragmatik həll” kimi təqdim edilməsi əslində işğal nəticəsində dəyişdirilmiş sərhədlərə hüquqi forma verməyə bərabərdir ki, bu da heç bir halda qəbul edilən deyil: "Belə bir yanaşma, BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas sütunlarından olan “zor tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi” prinsipini risk altına qoyur. Bu tipli güzəştlər yalnız Ukrayna məsələsi ilə məhdudlaşmır - onlar qlobal sistem üçün presedent formalaşdırır. Çünki böyük güclərdən birinin işğal yolu ilə əldə etdiyi əraziyə beynəlxalq legitimlik qazandırılması, digər dövlətlərə “hərbi güclə sərhədləri dəyişmək mümkündür” mesajı verə bilər. Bu isə beynəlxalq hüququn normativ çəkisini zəiflədir və güc siyasətinin yenidən qlobal səhnəyə qayıtması ilə nəticələnə bilər.
Belə bir presedent ən çox sərhəd mübahisələrinin davam etdiyi regionlarda təhlükəli effekt yarada bilər. Cənubi Qafqaz, Balkanlar, Yaxın Şərq, Afrika və Asiya-Sakit Okean bölgəsində mövcud olan etnik, siyasi və ərazi ziddiyyətləri göstərir ki, beynəlxalq hüququn zəiflədilməsi domino effekti yarada bilər. Tarix göstərir ki, işğalın legitimləşdirilməsi heç vaxt lokal nəticələrlə məhdudlaşmır. Sərhədlərin güclə dəyişdirilməsi qəbul edilən praktika halına gəldikdə, beynəlxalq sistem qeyri-sabitliyə sürüklənir.
ABŞ-nin mövqeyi ondan ibarətdir ki, müharibə nəyin bahasına olursa olsun dayansın, Rusiya ilə dialoq qurulsun və Vaşinqton diqqətini başqa regionlara, məsələn Çinə doğru yönəltsin. Lakin bu istək faktiki olaraq uzunmüddətli hüquqi və siyasi təsirləri nəzərə almadan həyata keçirilir ki, bu da yeni riskləri meydana gətirə bilər. Hər kəsin anlaması lazımdır ki, diplomatiya güc balansına deyil, beynəlxalq hüquqa söykənməlidir. Əks halda müvəqqəti sülh, gələcək qarşıdurmaların təməlini qoyar.
Nəticə etibarilə, hər hansı planın işğal olunmuş ərazilərin legitimləşdirilməsinə şərait yaratması təkcə Ukraynanın deyil, qlobal təhlükəsizlik nizamının təməllərini sarsıdır. Belə bir presedent yaranmaması üçün beynəlxalq ictimaiyyət ərazi bütövlüyü prinsipinin qeyri-şərtsiz qorunması və istənilən güzəştin hüquqi normalarla uzlaşması tələbini davam etdirməlidir".