"Yanlış nişanlama sürücüləri çaşdırır" - AYDINLIQ GƏTİRİLDİ

2 Dekabr 2025 13:53 (UTC+04:00)

"Nişan, svetofor, nişanlama xətti — yəni ümumilikdə yol hərəkətinin təşkili çox geniş mövzudur. Məsələ ondadır ki, bunun çox böyük fəsadları ola bilər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Rövşən Həsənov deyib.

O bildirib ki,təəssüf ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində bu, kifayət qədər ciddi bir problemdir: "Bakı ərazisində yol hərəkətinin təşkili ilə bağlı kifayət qədər ziddiyyətlər və qüsurlar mövcuddur. Bu qüsurlar nəticəsində baş verən qəzalar, ölümlər, xəsarətlər və maddi zərərlər tez-tez mübahisə predmetinə çevrilir. Hüquq müstəvisində bir çox insan hüququnu bildiyi üçün məhkəmələrə müraciət edir və bunun nəticəsində vaxt itkisi, əlavə xərclər və s. meydana çıxır. Hüquqlarını bilməyən şəxslər isə aidiyyəti qurumlara müraciət etmədikdə, bu, onların sığorta tarixçəsinə mənfi təsir göstərir. Belə ləkələnmiş tarixçə səbəbindən növbəti illərdə nəqliyyat vasitəsini sığortalamaq daha baha başa gəlir.

Yol hərəkətinin təşkili ilə bağlı qüsurların aradan qaldırılması aidiyyəti qurumların məsuliyyətidir. Dövlət Yol Polisi bu işdə nəzarət funksiyasını yerinə yetirməlidir. Hər ay hesabat və məlumat təqdim olunmalıdır ki, filan ərazilərdə bu kimi qüsurlar mövcuddur və onların aradan qaldırılması tələb olunur. Təəssüf ki, bu günə qədər bir-birinə ziddiyyət təşkil edən yol nişanları, svetoforların işıq bölmələrindəki nöqsanlar və digər problemlər müşahidə olunmaqdadır".