"12 dekabr Ulu Öndər, tarixin nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin anım günüdür". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev xalqımızın yaddaşında milli dövlətçiliyin memarı və xalqımızın taleyüklü dönəmlərinin xilaskarı, milli ideologiyanın banisi, siyasi müdriklik nümunəsi və dövlətçilik məsuliyyətinin ən ali təcəssümü kimi yaşayır: "Azərbaycanın müstəqilliyi xalqımızın iradəsilə elan olunmuş, lakin müstəqillik reallıqda təhlükə ilə üz-üzə qalmışdı. Anarxiya, siyasi, iqtisadi, sosial və hərbi böhran özünün yüksək səviyyəsinə qalxmış, vətəndaş müharibəsi qaçılmaz olmuşdu. Ulu Öndərimiz hakimiyyətin ən ali pilləsinə gəlməsəydi bu gün müstəqil, qüdrətli Azərbaycan dövləti haqqında danışmaq belə mümkün olmazdı. Ümummilli Lider Heydər Əliyev qısa zaman kəsiyində xaotik siyasi mənzərəni milli məqsədlər ətrafında birləşdirməyi bacardı, xalqımızı parçalanmadan, dövlətçiliyi süqutdan xilas etdi və Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş qarşıdurması, separatizm və siyasi, iqtisadi, sosial və hərbi çöküş dayandırıldı, ölkədə sabitliyin əsası qoyuldu və bu sabitlik gələcək inkişafın təməl daşına çevrildi. Ümummilli Lider eyni zamanda azərbaycançılıq ideologiyasının əsasını qoydu, onu dövlətin ideoloji dayağına çevirdi, milli birliyin elmi-siyasi əsaslarını formalaşdırdı. Azərbaycançılıq ideyası bu gün də daxili və xarici siyasətin ana xəttini təşkil edir. Ümumimilli liderimiz neft strategiyasının bünövrəsini qoymaqla, Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı. Məhz həmin strateji xəttin həyata keçirilməsi nəticəsində Azərbaycan regionun enerji, nəqliyyat və siyasi təhlükəsizlik mərkəzinə çevrildi.
Mükəmməl təlim olan Heydər Əliyev irsi üzərində Azərbaycan daha da güclənir və inkişaf edir. Möhtərəm, Cənab Prezident İlham Əliyev Ümummilli Liderin müəyyən etdiyi yolu uğurla davam etdirərək, dövlətçiliyin yeni inkişaf dövrünü, Zəfər mərhələlərini gerçəkləşdirdi. Qarabağ və Şərqi-Zəngəzur zəfəri, suverenliyimizin tam bərpası və regionda yeni reallığın formalaşdırılması Heydər Əliyev ideyalarının tarixi təntənəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hədəflənən strateji yol xəritəsinin banisidir. O, milli və güclü dövlətimizi qurdu, onun ideya əsaslarını yaratdı və milləti millətlər içərisində söz sahibi etdi. Bütün zamanlarda onun siyasi irsinə və dövlətçilik konsepsiyasına sədaqət və gələcək nəsillərə çatdırmaq hər bir Azərbaycanlının borcudur.
Xalqımız var olduqca Ulu Öndər müdrikliklə, dövlətçiliklə, əbədi müstəqilliklə yanaşı çəkiləcəkdir. Tam məsuliyyətlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin yaşadığı şərəfli ömür millətimizin taleyini dəyişən dahi şəxsiyyətin səlnaməsidir, tarixidir.