Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının Ağcabədi rayonunun İ.Qayıbov küçəsində Qasımov Elçin Yaqub oğluna məxsus “Tac” topdansatış mağazasında apardıqları plandankənar yoxlama zamanı “Banketnaya” əmtəə nişanlı saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, orijinaldan fərqlənən və üzərində zədələnmə əlaməti olan içkilərin mənşəyi məlum olmayan spirtdən hazırlandığı, başlıq hissənin təkrar bərkidildiyi və istehsal tarixinin qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək içkilərin satışının qarşısı alınıb, sahibkara icrası məcburi göstərişlər verilib, nümunələr götürülərək müayinələrə cəlb olunub.
Araşdırmalar davam etdirilir.