Gəncədə “DəyərliSən” inklüziv festivalı təşkil edilib - FOTOLAR

2 Dekabr 2025 11:51 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin psixonevroloji sosial xidmət müəssisələrinin və 4 saylı Uşaq evinin sakinlərinin iştirakı ilə “DəyərliSən” inklüziv festivalı təşkil edilib.

Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbir Ümumdünya Uşaq Hüquqları Günü və Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunub. SİA-nın bölgə müxbiri xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov agentlik tərəfindən göstərilən xidmətlər haqqında məlumat verib. O qeyd edib ki, agentliyin respublika üzrə 13 filialı və 21 sosial xidmət müəssisəsi var və qurumun fəaliyyəti stasionar, yarımstasionar və səyyar xidmətləri əhatə edir. Hazırda həssas əhali qruplarına aid 2272 şəxs agentliyin müəssisələrində daimi dövlət himayəsində sosial və reabilitasiyayönümlü xidmətlərlə təmin edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bu kimi tədbirlərin həssas əhali qruplarından olan şəxslərin cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, regionlarda müvafiq istiqamətdə festivalların sayının artırılması inklüzivlik mədəniyyətinin genişlənməsinə və bu sahədə ictimai fəallığın artmasına töhfə verəcək.

“DəyərliSən” inklüziv mədəni festivalının məqsədi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inklüziyasını təmin etmək, ictimai həyatda fəal iştirakına şərait yaratmaq, eləcə də onların yaradıcı potensiallarını üzə çıxarmaq olub.

Festival iştirakçıları sosial xidmət müəssisələrinin sakinlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub, uşaqların ifasında müxtəlif ədəbi-bədii kompozisiyaları izləyiblər.