Otuz iki ildən sonra Horovluda məktəb 103 şagirdlə fəaliyyətə başlayıb

1 Dekabr 2025 21:50 (UTC+04:00)

Dekabrın 1-də Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbinin fəaliyyətə başlaması münasibətilə tədbir keçirilib.

SİA xəbər verir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən verilən məlumata görə, tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məktəbin fəaliyyətə başlaması münasibətilə müəllimləri, şagirdləri və valideynləri təbrik edib. O, işğaldan azad olunmuş ərazilərdə tədris prosesinin qısa müddətdə bərpasının ölkəmizdə təhsilə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb, həmçinin cari tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.

Digər qonaqlar da çıxış edərək sevinclərini ifadə edib və məktəbin fəaliyyətə başlamasını əlamətdar hadisə kimi dəyərləndiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə yaradılan şərait və tədris prosesi ilə yaxından tanış olublar.

Məktəbin müəllimi Lalə Əhmədova 1993-cü ildə işğal zamanı cəmi 2-ci sinif şagirdi ikən tərk etdiyi doğma kəndinə bu gün müəllim kimi qayıtdığını deyib. Onun sözlərinə görə, illər sonra yenidən Horovluda olmaq, doğulduğu məktəbdə çalışmaq böyük qürur və sevinc hissidir. "Bu məktəbdə öz vəzifə borcumu həm də sevərək yerinə yetirəcəyəm. Bizə bu günü yaşadan Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Horovlu kəndində inşa olunan yeni məktəb müasir standartlara tam cavab verir. Mən gözlədiyimdən də mükəmməl şəraitli bir məktəbə gəldim. İnanıram ki, burada yüksək nəticələr göstərəcək şagirdlərin sayı çox olacaq. Ən böyük arzumuz doğma kəndimizdə şagirdlərə təhsil vermək idi və bu arzu artıq gerçəyə çevrilib. Kənd ümumiyyətlə bizi çox gözəl abad şəkildə qarşıladı. Yeni evlər tikilib, yollar salınıb, bütün lazım olan infrastruktur yaradılıb. Kəndimizin mərkəzində gözoxşayan istirahət parkı inşa olunub. Həm də kəndimizin kəhrizlərinin bərpa olunması məni çox sevindirdi. Uşaqlıq xatirələrim canlandı, səhənglə kəhrizdən su götürməyimiz gözümün önünə gəldi. Horovluda xoşbəxt günlərimiz yenidən başlayıb", - deyə Lalə müəllimə bildirib.

Məktəb direktoru Zamiq Həmzəyev deyib: “Çox qürurluyam, sevincimin həddi-hüdudu yoxdur, bir vaxtlar şagird kimi çıxdığım məktəbə müəllim olaraq qayıtdım. Horovluya doğma kəndimizə qovuşmaq mənim üçün yenidən dünyaya gəlməyə bərabərdir. Bu xoşbəxtliyi bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə şəfa arzu edirəm. Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sözün əsl mənasında yeni tarix yazdı. Torpaqlarımızın hər qarışı azad edildi. Artıq bu torpaqlarda həyat yenidən canlanır. Bizim kəndimiz də yenidən qurulub, evlər inşa olunub, müasir standartlara uyğun məktəb tikilib. İnanıram ki, məktəbimizin uğurları daimi olacaq".

Qeyd edək ki, cari tədris ilində Horovlu kənd tam orta ümumtəhsil məktəbində 103 şagirddən ibarət 11 sinif formalaşdırılıb və 17 müəllim tədris aparacaq.