Laçın şəhərinin sakini, tarix müəllimi olan Sevda Novruzovanın Laçın şəhərinin işğaldan azad olduğu günlə bağlı SİA-ya olan müsahibəsini təqdim edirik.
- Laçın şəhərinin işğaldan azad edildiyi gün sizdə hansı hisslər yarandı və bu xəbəri ilk dəfə necə eşitsiniz?
- Ümumiyyətlə, müharibə başlanan vaxtdan hər gün bizim diqqətimiz cəbhəyə yönəlmişdi və hər dəfə yeni xəbərlər gözləyirdik. Uzun illər gözlədiyimiz anları nəhayət ki, yaşamağın zamanı çatmışdı. Bunu gözləyirdik. Müharibənin birinci mərhələsi bitəndə, bir az sanki ürəyimdə bir qırıqlıq kimi qalmışdı ki, bəs Laçın? Şübhə deyildi bu, çünki mən əmin idim, bilirdim ki, cənab Prezidentin başçılığı ilə bu əməliyyat sona qədər bitəcək və mənim Vətənim azad olacaq. Amma yenə də özümdə bu sual yaranırdı: bəs Laçın? Nəhayət, 1 dekabr Laçının azad olunduğu gün... Bu, sözlə ifadə ediləcək bir hiss deyil, bəli. Mənə elə gəlirdi ki, Laçının azadlığı ilə mənim o gəncliyim, yarımçıq qalmış uşaqlıq illərim hamısı geri dönəcək. Mən belə fikirləşirdim. Onların hamısının sevincini yaşayırdım.
- Uzun illər Laçından uzaqda yaşamaq bir Laçın sakini kimi sizin üçün nələri dəyişdi? Ən çox nəyin həsrətini çəkirdiniz?
- Laçın azad olandan sonra, təbii ki, mən öz doğulduğum kəndə, dağılmış evimizə getmək istəyirdim. Bir müddət mina təhlükəsi səbəbindən hələ tam şəkildə getmək olmazdı, təhlükə vardı, gedə bilmirdik. O müddətdə isə böyük bir həsrət, illərin həsrəti sanki daha da dolmuşdu içimdə. Vətən məni çağırırdı, o hisslərlə özümə yer tapa bilmirdim. İlk dəfə Laçına, şəhərə gedəndə, bu, mənə başqa bir təsir elədi. Amma kəndimizə gedəndə... birinci məktəbimizin yolu elə idi ki, mütləq məktəbin yanından keçməli idim -oxuduğum məktəbin. Belə bir deyim var: “Oxuduğun məktəb sənə çox uzaq, amma işlədiyin məktəb necə yaxındır.” Bu hissi mən məhz orada yaşadım. Təəssüf ki, məktəbdən heç nə qalmamışdı. Heç bir daş daş üstündə deyildi. Çox qəribə bir hiss idi. Axı mən elə düşünürdüm ki, Laçına gedəndə uşaqlıq illərimə dönəcəm, o illər orada qalacaq, mən də onları yenidən yaşayacam. Amma orada başa düşdüm ki, o illərdən əsər-əlamət yoxdur. Sonra evimizə tərəf getdim. Dağılmış evimiz, soyuq daşlar... Əzizlərimdən iz yox idi. Sevinirdim ki, vətənimə gəlmişəm. Amma vətənimdə heç kim yox idi. Sakitlik. Boşluq.
Ümumiyyətlə, belə bir şey var: valideynlər evdən çıxanda o evin açarını saxlayırlar. O açar bizdə qalmışdı. Bəli, mən sizə deyim ki, bizim ev iki mərtəbəli idi. O vaxt camaat arasında belə bir ifadə vardı - “üst ev, alt ev” yəni birinci mərtəbə, ikinci mərtəbə. Bizim evdə balaca bir sandıqca var idi, anamın sandığı. Böyük sandıqdan başqa, belə bir kiçik sandıqca vardı. Adətən xanımlar orada qızıl-zinət əşyalarını saxlayardılar. Anam isə orada evin açarlarını saxlayırdı. Həmişə qeyd edirdi: “Bu, üst evin açarıdır, bu, alt evin açarıdır.” Amma biz ora gedəndə nə üst evin qapısı vardı, nə alt evin. Heç nə qalmamışdı. Hamısı ermənilər tərəfindən dağıdılmışdı…
- Tarix müəllimi olaraq, sizcə Laçının işğal dövrü və azad olunması Azərbaycan müasir tarixində hansı yeri tutur?
- Bu dönəmdə məktəbdə, bilirsiniz ki, müxtəlif tədbirlər keçirilir. Bu tədbirlər silsiləsində də, təbii ki, torpaqların işğal günlərinə xüsusilə yer verilirdi. Bugün də belədir. Amma bugün bir az daha format dəyişib. İşğal dönəmində anım günlərini keçirdəndə, o işğal günləri, bizim yaşadığımız faciələr - biz onları, təbii ki, unutmuruq. Unutmamalıyıq da. Bizim buna haqqımız yoxdur. Amma o günləri qeyd edəndə, bir başqa qeyd edirdik. Məğlub ölkə kimi, məğlub insanlar kimi. Şəxsən mən, vətəni işğal olunmuş bir insan kimi, həm də bir tarix müəllimi kimi, bir növ elə bil ki, şagirdlər qarşısında xəcalətli idim. Özümü xəcalətli hesab edirdim.
Evdə də, bəzən valideynlərlə söhbət edəndə də, mən dəfələrlə bu ifadəni vurğulamışam ki, əgər mənim yaşım 10 yox, 20–25 olsaydı, mən heç vaxt Laçından çıxmazdım. Baxmayaraq ki, xanımam, qadınam və s. Amma mən heç vaxt çıxmazdım vətənimdən. Mən həmişə bu ifadəni səsləndirirdim. Çünki vətəndən uzaqda olmaq çox çətindir.
Bunu bir müəllim kimi şagirdə danışmaq ki, Laçın rayonu işğal olunub, eləcə də digər rayonlarımız – çox ağırdır. Bu hissi yaşamaq çox ağırdır. Və onu şagirdə necə öyrədəsən ki, həm faciəni yaşatsın, həm də gələcəyə doğru baxsın? Elə yönləndirəsən ki, o uşaqlar böyüyəndə bu torpaqları azad edə bilsinlər. Amma çox şükür ki, biz bunu bacardıq. Bu təkcə mənim yox, bütün Respublikada fəaliyyət göstərən müəllimlərin işidir. Mən deyərdim ki, o torpaq uğrunda canından keçən oğulların formalaşmasında, onların vətənpərvər ruhta yetişməsində müəllimlərin böyük rolu olub. Və Laçın bizim üçün nə deməkdir? Təbii ki, bütün Azərbaycan gözəldir. Mən Azərbaycanı bölgələrə bölmürəm. Azərbaycan bütövdür. Amma Azərbaycanın elə bölgələri var ki, onlar xüsusi əhəmiyyət daşıyır. Onlardan biri də Laçındır. Laçın bizim üçün düşmən cəbhəsidir. Laçının azad olması, Laçının bizim torpağımız olması - bu, bizim gələcəyimiz üçün həm siyasi, həm də hərbi baxımdan çox önəmlidir. Bu baxımdan Laçının azadlığı mütləq idi. Şükürlər olsun ki, biz buna nail olduq.
- İşğal dövründə Laçının strateji əhəmiyyəti nədən ibarət idi və onun azad olunması bölgənin təhlükəsizliyinə necə təsir göstərirdi?
- Laçın şəhəri işğaldan azad olunduqdan sonra orada Laçın dəhlizi adlanan bir ərazi var. Həmin əraziləri gediş-gəliş üçün ermənilər Laçından istifadə edirdilər və Laçın onlar üçün böyük əhəmiyyətə malik idi. Nə qədər ki, onlar o "Dağlıq Qarabağ" dedikləri ərazidə yaşayırdılar, onların bu ərazidə yaşamaqları, gediş-gəlişləri, öz himayədarlarının müxtəlif təsirlərindən istifadə etmələri, təbii ki, Laçında yaşayan əhali üçün təhlükəli idi. Çünki düşmən var, düşmənin də gərək mərd olsun. Amma bizim düşmənimiz mənfur düşməndir. Bizim düşmənimiz qadına, uşağa, yaşlıya güllə atan düşməndir. Ona görə də bu, böyük bir təhlükə idi - o ərazidən keçmək.
Hətta Laçının ilk işğaldan azad olunduğu vaxt biz gedib-keçəndə, bilirsiniz, onda hələ sərhəd keçid məntəqəsi var idi, onların Ermənistana getmələri üçün. Orada bizim də postumuz var idi, ermənilərin də postları var idi. Ondan əvvəlki dövrdə də hələ o postlar qalırdı. Məsələn, şəxsən mən özüm onların postlarının yanından keçəndə... qorxu demirəm. Mən heç vaxt o qorxunu hiss etməmişəm. Hətta müharibə dövründə də bir neçə dəfə cəbhə xəttində, müəyyən icazə verilən listlərə qədər getmişəm. Yəni qorxu demirəm. Amma oradan keçəndə qəribə bir hiss yaşayırdım ki, bunlar sanki bizim yanımızda imişlər kimi. Yəni belə bir hiss. Adam bir az fikirləşir ki, bəli, o əlində silahla dayanan erməni əsgəri hər an o silahı bizim millətimizə qarşı tuşlaya bilər, yönəldə bilər. Bax, bu baxımdan böyük bir təhlükə idi.
Şükürlər olsun ki, bu gün artıq bu təhlükələri görmürük və bundan sonra da görməyəcəyik. Çünki bizim inandığımız, güvəndiyimiz Ali Baş Komandanımız və onun komandanlığında olan Rəşadətli Ordumuz var.
- Laçının azad olunmasından sonra şəhərdə aparılan bərpa-quruculuq işlərini necə qiymətləndirisiniz? Gələcək üçün hansı gözləntiləriniz var?
- Mən birinci dəfə Laçına gedəndə, hələ quruculuq işləri hər yerdə aparılmamışdı, başlamamışdılar. Müəyyən evlər bərpa olunmuşdu, müəyyən dövlət əhəmiyyətli binalar vardı ki, bunlar təmir olunmuşdu. Sonra ikinci gedişimdə, sonra üçüncü gedişimdə, hər gedişimdə Laçın bir az daha çox dəyişir, Laçın bir az daha çox sakinlərini qəbul edir, yaşayanların sayı artır, bərpa olunan evlərin sayı artır və bunlar onu sübut edir ki, Azərbaycan dövləti qısa bir müddətdə böyük işlərə imza atmağı bacardı. İndi mənim bu sonuncu dəfə Laçına gedişimdə artıq demək olar ki, çox hissəsini təmir olunmuş gördüm. Bu, gələcək üçün nə deməkdir? Çox keçmədən Laçın şəhəri daha çox insanların yaşadığı, daha çox turistlərin maraq göstərib gəlib dincələcəyi və təkcə Azərbaycanın deyil, həmçinin qonşu ölkələrin, dünyada yaşayan insanların maraq göstərəcəyi bir şəhər olacaq.
- Şagirdləriniz Laçının azad olunması barədə hansı suallar verir? Onlar üçün bu hadisəni necə izah edirsiniz?
- Mən şagirdlərimə Laçının bizim üçün əhəmiyyəti dövlətimiz üçün, gələcəyimiz üçün əhəmiyyətindən həmişə uşaqlara danışıram. Verdiyim sual uşaqları həmişə düşündürmək üçün, həm də onların fikrini bilmək üçün, biz bugün necə oldu ki, vətənə sahibik, biz illərlə ayrı qaldığımız, düşmənin işğal etdiyi, və bəlkə də deyim ki, bunu sizə çox insanın artıq o torpaqlar geri qayıtmaz dediyi bir dönəmi keçmişik. Uşaqlara sual verirəm ki, biz o torpaqlara necə oldu ki, yenidən sahib olduq. Amma bütün cavabların fərqində dayanan nə qədər ki, bizim mərd əsgərlərimiz var, nə qədər ki, bizim qüdrətli ordumuz var, nə qədər ki, bizim dövlətimizin belə rəhbəri var və biz həmişə qalib olaraq yaşayacağıq. Bu tipli cavablar alıram mən uşaqlardan ən çox.
- Müharibədən sonra Laçında həyata keçirilən mədəni irs bərpası layihələri sizə görə hansı tarixi əhəmiyyəti daşıyır.
- Ümumiyyətlə, müharibədən sonra Laçında həyata keçilən mədəni irsi bərpası layihələri ilə bağlıdır. Sizə görə hansı tarixə əhəmiyyət daşıyır bu mədəni irslər Laçında bərpa olunan? Bəli, Laçında müxtəlif tədbirlər həyata keçirilir. Tək Laçında yox, azad olunmuş torpaqlarda növbə ilə hər birində görürsünüz ki, tədbirlər həyata keçirilir. Bu tədbirlərin keçirilməsi keçmişimizin gələcəyə ötürülməsi baxımından, öyrənilməsi və öyrədilməsi baxımından məncə mühüm əhəmiyyət daşıyır. Onları yenidən göstərmək, unutmağa, unudulmağa imkan verməmək, bax bu baxımdan mühüm əhəmiyyət daşıyır.
- Laçınla bağlı uşaqlıq xatirələrinizdən ən çox yadınızda qalan nədirvə həmin xatirələr indi sizin üçün nə ifadə edir?
- Bilirsiniz, Laçın rayonu dağlıq əraziləri daha çoxdur, dağlıq relyefinə görə arandan dağa köçlər gedərdi. Camaat yaylaqlara qalxardı, qışda isə aranın bölgəsindən aşağı enərdi. Bizim evimizin elə bir yeri vardı ki, o köç yolu evimizin aşağı hissəsindən keçirdi. Mən evimizin yanında böyük bir hündür yer vardı. Gedib çıxırdım o hündür yerə ki, gələn köçü rahat görə bilim. Oradan saatlarla köçün necə kəndə girdiyini, necə gəldiyini və getdiyini izləyirdim. Anam mənə deyirdi ki, o köçdə böyük itlər olurdu və bir gün o itlər sənə hücum edə bilər, o vaxt köməyim çatmaya bilər. Amma mən köçə baxmaqdan zövq alırdım. Hətta fikirləşirdim ki, bu qədər insan hər il fəsil dəyişəndə köç edir, bəs biz niyə köçmürük, niyə harasa getmirik? Təbii ki, o zaman mən uşaq idim və bu mənə maraqlı gəlirdi. Mən nə biləydim ki, bir gün bizim köçümüz elə olacaq ki, 30 ilə yaxın vətənimizə həsrət qalacağıq. Həmişə o fikir yadımda olur, gözümün önündə o xatirələr canlanır. İndi kəndə gedəndə gedib həmin yerdə dayanır, oradan baxıram, amma nə köç var, nə də o itmiş illər...
- İşğal illərində Laçın haqqında məlumatların qorunub saxlanılması üçün hansı addımlar atılmalı idi və bundan sonra nələr edilməlidir?
- İşğal dövründə Laçından olan insanlar məcburi köçkün həyatı yaşadılar. Orada fəaliyyət göstərən idarə və təşkilatlar, dövlət müəssisələri, məktəblər də məcburi köçkün həyatı yaşamağa başladılar. Ən vacib məsələ odur ki, işğal dövründə bu idarə və təşkilatların fəaliyyətləri davam etdirilməli idi. Çünki Laçının sakinləri, eləcə də Laçına aid olan əşyalar, birliklər və s. o ərazini yaşadan elementlər saxlanıldı və gələcək nəsillərə ötürüldü. Torpaqlar azad olunandan sonra, digər işğal olunmuş ərazilərdə olduğu kimi, Laçında da bu məhzələr hissə-hissə fəaliyyətini davam etdirməyə başladı. Onlar işğal dövründə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərirdilər, indi isə Laçına geri dönür və fəaliyyətlərini davam etdirirlər.
İşğal dövründə təkcə Laçın sakinləri üçün yox, bütün işğal olunmuş rayonların sakinləri üçün “dırnaqarası” məcburi köçkün kimliyi yarandı. Şəxsiyyət vəsiqələrimizdə Laçın rayonu, Qubadlı rayonu və s. yazılırdı, amma bizə ümumi olaraq məcburi köçkün, bəzən isə qaçqın deyirdilər. Halbuki biz öz doğma torpağımızdan məcburi şəkildə köçkün olmuşduq. Bu məcburi köçkün kimliyi indi “qayıdan sakin” kimliyi ilə əvəz olunur. Şəxsiyyət vəsiqələrimizdə yazılan dəyişməsə də, indi bizə “Laçın rayonu sakini”, “Qubadlı rayonu sakini” kimi deyirlər və böyük qayıdış proqramının iştirakçısı kimi qəbul olunuruq. Bu məcburi köçkün kimliyi ilə qayıdan sakin kimliyi arasında psixoloji olaraq bir təzad var. İnsan psixologiyası fərqlidir. Məsələn, köçkün olduğum vaxt mən 10 yaşımda idim, amma sakinlər arasında 30, 40 yaşında və hətta 2 yaşında olanlar da var idi. İndi isə onlar geri qayıdırlar və bu zaman fərqliliklər yaranır. Bunlar artıq bir təzaddır və mən bunu əvvəllər də vurğulamışam...
- Son olaraq bu günkü gündə Laçının işğaldan azad olunduğu gündə, Laçınla bağlı ən böyük arzunuz nədir?
- Mənim ən böyük arzum, bu işlədiyim kollektiv də bilir, mən Respublikanın ən yaxşı məktəblərindən birində işləyirəm. Məktəbimiz tanınmış, öz məzunları ilə tanınmışdır. Məktəbimiz burada görülən işləri ilə tanınmışdır, yəni ən yaxşı məktəblərdən biridir. Buna baxmayaraq, mən Laçın rayonunun o uca kəndlərində və xüsusilə də öz kəndimizdə, mən Laçın rayonunun Alıbili kəndindəyəm. Oradakı məktəb model tipli məktəb olsa belə, fəaliyyətimi orada da həyata keçirməyi istəyirəm. İnşallah, Allah kömək olsun.
Mən həmişə belə demişəm ki, Bakı bizim ölkənin paytaxtıdır, gözəl şəhərdir. Bəlkə də kimlər üçünsə Bakı dünyanın ən gözəl şəhəridir, mənim üçün də gözəl şəhərdir. Amma niyə isə həmişə deyirəm ki, Bakı, mən sənə alışa bilmədim. Baxmayaraq ki, ömrümün 10 ilini Laçında, 30 ilini isə Bakıda yaşamışam, amma buna baxmayaraq, mən Bakıya alışa bilmədim. Öyrəşə bilmədim. Mən Laçını istəyirəm. Fəaliyyətimi də və ömrümün bundan sonra nə qalıbsa, onu da Laçında həyata keçirmək istəyirəm. Arzum ancaq budur – Laçında ailəmizin ora köçməsi, orada yaşaması bağlıdır. Biz Laçın qeydiyyatındayıq, hələ ki, o kəndin bərpa işlərinə başlanılmayıb. Amma ümid edirik, arzulayırıq, dualarımızdadır ki, tez bir zamanda kəndimizin bərpa işləri başlasın və biz ailəlikcə köçək. Düzdür, yaxınlarımızdan, doğmalarımızdan, qonşularımızdan köçənlər var. Laçın şəhərində artıq yaşayanlar, şəhərin özündə qeydiyyatda olanlar var. Bəli, şəhərdə o bərpa quruculuqlarından sonra köçüb yaşayanlar var. Amma hələ ki, kəndlərdə quruculuq aparılmadığı üçün bizə növbə çatır. İnşallah, bizə də növbə çatar və mən bu arzuma çataram.
Ziya Hikmətoğlu