"Xəzər dənizinin qurumasının əsas səbəbləri nə iqlim böhranı, nə iqlim dəyişiklikləri, nə də insan faktorudur. Bunların təsiri var, amma azdır. Çünki insanlar hələ mövcud olmamışdan əvvəl də Xəzərin səviyyəsində enib-qalxmalar müşahidə olunub. Həmin dövrlərdə də iqlim dəyişiklikləri nəticəsində Xəzər ayrılıb və tamamilə fərqli bir okean sisteminin hissəsinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, bu gün də Volqa çayı Xəzərə əvvəlki kimi 80–85% su gətirir: "Xəzərin səviyyə tərəddüdlərinin əsas səbəbi onun geoloji və təbii xüsusiyyətləridir. Təxminən 60 milyon il əvvəl Xəzər indiki səthini alıb və o vaxtdan bəri səviyyəsində dəfələrlə dəyişikliklər baş verib. Tarixi dövrlərdə Xəzərin suyu o qədər artıb ki, Xivə bölgəsinə, hətta Moskvanın altına qədər çatıb və şimal dənizləri ilə birləşib. Eyni zamanda, buzlaqların əriməsi nəticəsində su ehtiyatı çoxalıb və Aralıq dənizi ilə əlaqə yaranıb.
Bütün bunlar göstərir ki, Xəzər dənizinin səviyyəsində tərəddüdlər çox mürəkkəb, uzunmüddətli və təbii proseslərə bağlıdır. Bu proseslər bu gün də davam edir və gələcəkdə də davam edəcək. Ona görə də təlaşa düşmək, təşvişə qapılmaq lazım deyil. 70-ci illərdə də Xəzərin səviyyəsi aşağı düşmüşdü və sahilboyu torpaqlar daralmışdı. Lakin sonradan su axınlarının dəyişdirilməsi və əlavə axarların kəsilməsi ilə dəniz səviyyəsi yenidən qalxmağa başladı və bu, sahilyanı ölkələrə problem yaratdı.
Yəni bu proseslər dövri xarakter daşıyır. Hazırda Xəzər hövzəsində, o cümlədən Azərbaycanda və İranda quraqlıq müşahidə olunur. Yağıntının az olması da səviyyənin enməsinə təsir göstərir. Amma bu, o demək deyil ki, bu vəziyyət daimi olacaq. Ola bilsin, bir ilə, beş ilə, on ilə Xəzər dənizi yenidən qalxmağa başlasın və əvvəlki səviyyəsinə yaxınlaşsın. Bu səbəbdən narahat olmaq lazım deyil. Tarixən belə hallar olub, yenə ola bilər".