Uşaq evinin sakini üzgüçülük çempionatında üçüncü yerə çıxıb

1 Dekabr 2025 15:52 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksi, Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə əlilliyi olan idmançılar arasında üzgüçülük üzrə açıq Sumqayıt şəhər çempionatı keçirilib. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, yarışda agentliyin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini Adil Həsənov S5 kateqoriyası üzrə 50 metr sərbəst üsulla üzməkdə üçüncü yerə çıxıb. O, medal və diplomla təltif edilib.

Çempionat idmançılar arasında müsbət sosial mühitin formalaşdırılması və əlilliyi olan şəxslərin üzgüçülük idmanına marağının artırılması məqsədi daşıyıb.