"Laçın Azərbaycan üçün daim böyük strateji əhəmiyyət kəsb edib. Bu ərazi sadəcə bir rayon deyil, həm də Ermənistanla sərhəddə yerləşən və 30 ildən artıq davam edən işğal dövründə Ermənistanı Qarabağla birləşdirən əsas coğrafi məkan idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, belə bir ərazinin – Laçının – böyük bir hissəsinin bir güllə atılmadan Azərbaycanın nəzarətinə keçməsi qəhrəman ordumuzun müharibədə göstərdiyi fədakarlığın və şücaətin nəticəsi idi: "Məhz bu səbəbdən düşmən, digər iki rayonumuzla yanaşı, Laçını da Azərbaycana qaytarmağa məcbur oldu.
Biz xoşbəxtik ki, artıq Laçının işğal tarixini deyil, onun işğaldan azad edilməsini, Laçının qaytarılmasını, Laçın Gününü qeyd edirik. Bu gün Laçın dağlarında Azərbaycan bayrağı dalğalanır. Laçının azad olunması və Laçında sərhəd keçid məntəqəsinin qurulması bir mənalı olaraq Azərbaycanın sərhəd bütövlüyünün təmin olunması ilə başa çatdı.
Bugün biz Laçında geniş hərbi infrastruktur yaratmışıq, kifayət qədər ciddi sayda hərbi hissələr yerləşdirmişik. Əsgərimiz bu gün Laçın dağlarından tarixi torpaqlarımızı müşahidə altında saxlayır. Bu gün ermənilər artıq əmin olublar ki, Azərbaycan əsgərinə qarşı atılacaq istənilən addım onlar üçün çox böyük fəlakətlə nəticələnə bilər.
Digər azad olunmuş ərazilər kimi, Laçın dağlarında da üçrəngli bayrağımız qürurla dalğalanır və hər bir Azərbaycan vətəndaşı onunla, bayrağı ilə, azad edilmiş əraziləri ilə, o cümlədən Laçını ilə qürur duyur, fəxr edir. Bugün dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdə olan Laçının hər dağında, hər daşında, hər qayasında qəhrəman Azərbaycan əsgərinin nəfəsi duyulur. Biz bu torpaqları qanımız, şəhidlərimizin qanı və canı bahasına azad etmişik və bu torpaqlarda əbədi yaşayacaq".