Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində vətəndaşlar görüşüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazir əvvəlcə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra Baş Polis İdarəsinin i binasında Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlardan, eləcə də digər bölgələrdən görüşə gələn 384 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
Səfər çərçivəsində V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılan abidəni ziyarət edib.
Sonda nazir polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 42 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 362 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.