"Yalnız Azərbaycanda deyil, bütün dünyada ailə institutu, klassik ailə modeli öz yerini modern, liberal, bəzən də qlobal ailə trendlərinə verməyə başlayır. Biz istəsək də, istəməsək də, qəbul etsək də, etməsək də, dünyanın bir hissəsi olduğumuza görə bu trendlərin bir çoxunun Azərbaycanda oturuşmasını və geniş istifadə olunmasını qəbul etməliyik". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultoloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, Klassik ailə modeli necədi? Kənddə bir icmanı təsəvvür edək: ata, ana, beş uşaq, baba və nənələr - iki tərəfli: "İki baba, iki nənə. Azərbaycanda olurdu ki, nənələrin sayı çox olurdu, çünki babalar bir neçə dəfə evlənmiş olurdu və ya nənələr bir neçə dəfə ərə getmiş olurdu. Nənələrin sayı artırdı. Əmilər, əmi dostu, əmi arvadı, dayılar, dayı arvadları, xalalar, bibilər, qohum-qonşu və b. Daha sonra uşaqlar evlənəndə qudalar, qayın, gəlin, baldız, bacanaq və b. Böyük bir ailə institutu formalaşırdı. Amma indi bunların hamısı dəyişdi. Toylarımız kimi ailələr də modernləşdi, mobilləşdi. Bir-iki uşaqdan ibarət, maksimum üç uşaqdan ibarət ailə modeli Azərbaycanda oturuşur. İnsanlar, xüsusən də xanımlarımız dünyaya təbii yolla uşaq gətirmək istəmirlər və ona görə də cərrahi yolla bir uşaq dünyaya gətirirlər. Bu cür ailələrin 60-70%-i dağılır. Liberal, bəzən qlobal trendlərə uyğun olaraq "ultra ailələr" yaranır: bir ata - bir uşaq, bir ana - iki uşaq, aliment alan ailələr, yarımçıq ailələr, boşanmış, nikahı pozulmuş ailələr artıq cəmiyyətimizi təəccübləndirmir.
Ailə institutlarında baş verən bu dəyişikliklər təkcə qlobal trendlərlə deyil, milli və lokal səbəblərlə də bağlıdır. Sanki insanlarımız çoxdan bu azadlığı gözləyirmiş. Filmlərdən, Avropadan, seriallardan, sosial şəbəkələrdən gələn təsirlər nəticəsində insanlar, qadınlar, kişilər, oğlanlar, qızlar məsuliyyət daşımaq istəmirlər. Valideynlərin istəyilə qurulan ailələrdə sonra gənclər məsuliyyət götürmək istəmir, ailə məsuliyyətindən qaçırlar. İqtisadi, sosial, mədəni, məişət, etnik və kultural baxımdan ailəni inkişaf etdirmək istəmirlər. Artıq görürük ki, ata və ananın ayrı-ayrı otaqlarda yatdığı, uşaqlara baxmadığı, ailənin daha çox sosial şəbəkə və smartfon vasitəsilə idarə olunduğu vəziyyətlər yaranır.
Bu tənəzzül nə qədər davam edəcək, heç kim deyə bilməz. Amma bir çox ölkələrdə artıq ailə institutları, ailə mərkəzləri, ailə böhran institutları formalaşmağa başlayıb. Azərbaycanda da virus kimi ailələrdə yeni problemlər ortaya çıxır. Qadınlar artıq süni yollarla uşaq dünyaya gətirirlər. Gənclər 30 yaşa qədər həyat tərzləri ilə bədənlərini zədələyirlər: fiziki hərəkətsizlik, komfort, liftlə evdən çıxmaq, ofisdə işləmək, "fast food", yuxu rejiminin pozulması, piylənmə və s. Ənənəvi həyat tərzinin pozulması, seksual maarifsizlik və digər səbəblər sonsuzluğa gətirib çıxarır. Bu səbəbdən ailələr ya süni mayalanma ilə uşaq sahibi olurlar, ya da qadınlar və kişilər normal partnyor tapa bilmirlər. Təbii yolla uşaq dünyaya gətirə bilməyən qadın emosional bağ qura bilmir - bu da böyük psixoloji problemlərə gətirib çıxarır. Artıq demoqrafik böhran həddinə gəlib çıxmışıq. Bunun qarşısını almaq üçün real, effektiv Ailə Proqramına ehtiyac var. Ailələrin dəstəklənməsi, uşaqlı ailələrə müavinət verilməsi paket formasında olmalıdır - bu yardımlar valideynlərə birbaşa pul şəklində verilməməlidir. Uşağın təhsili, sağlamlığı, qidalanması, ilkin kapitalı və s. istiqamətlərdə dövlət dəstəyi olmalıdır. Dövlət ipoteka, ərzaq, tibbi xidmət və s. sahələrdə birbaşa yardım göstərməlidir.
Ailə həkimləri və tibbi sığorta sistemi ailənin sağlamlığında aktiv rol almalıdır. Demokratik cəmiyyətlərdə ailələrin dağılması intim münasibətlərin azlığına yox, uşağın dünyaya gəlməsi ilə bağlı çətinliklərə görə baş verir. Əgər Azərbaycanda qadın bircə uşaq doğursa, artıq biz ailə institutunun son mərhələsindəyik. Ailə, Qadın və Uşaq Komitəsi nazirliyə çevrilməli, geniş struktura malik real təsisata çevrilməlidir. Dövlət ailələrin möhkəmləndirilməsinə xüsusi paketlərlə yanaşmalıdır. Əks halda, yaxın gələcəkdə əhali azalmağa başlayacaq, doğumla ölüm arasındakı fərq aradan qalxacaq. İnsanlar evlənmək istəmir, qadınlar uşaq dünyaya gətirmək istəmir. Cəmiyyət dul və subaylardan ibarət olacaq.
Bu, yalnız bizim deyil, bir çox ölkələrin problemidir. Ailə institutunun dağılması, əhalinin qocalması, pensiyaçıların artması - bütün bunlar dövlətlər üçün demoqrafik problemlərə səbəb olur. Ona görə də həm qanunvericilikdə dəyişikliklər, həm yeni dövlət institutları, həm də real sosial proqramlar hazırlanmalı və tətbiq olunmalıdır".