"Məsuliyyətdən qaçmaq uşaqlıqdan başlayır" - PSİXOLOQ İZAH ETDİ

1 Dekabr 2025 12:54 (UTC+04:00)

"Daha böyük yaşlarda insanların üzərinə düşən məsuliyyətdən qaçmaq problemi çox vaxt onların uşaqlıqlarında yatır. Uşaq vaxtı valideynləri tərəfindən hər işi görülən bir uşaq sonradan öz üzərinə məsuliyyət götürməkdə çətinlik çəkə bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, burada yalnız tərbiyə yox, genetikanın da müəyyən rolu ola bilər: "Yəni bir çox digər problemlərdə olduğu kimi, bu məsələdə də genetik meylin təsiri nəzərə alınmalıdır.

Təəssüf ki, bəzən məsuliyyətdən qaçan insanlar haqqında bu vəziyyət sadəcə onların xarakteri ilə əlaqələndirilir. Məsələn, “xarakteri belədir” deyirik. Halbuki mən düşünürəm ki, məsuliyyət hissinin formalaşmaması əsasən öyrədilməmişlikdən irəli gəlir və bu, təlim-tərbiyə çatışmazlığının nəticəsidir. Məsuliyyət hissi zamanla, ardıcıl və düzgün yönləndirmə ilə uşaqların beynində formalaşdırıla bilər. Bu proses ailənin yanaşması, valideyn nümunəsi və uşağa göstərilən ardıcıl davranış qaydaları ilə birbaşa bağlıdır.

Məsələn, uşaq vaxtı ona “öz yerini yığ”, “öz əşyalarını topla” kimi sadə tapşırıqlar verməklə yavaş-yavaş məsuliyyət hissi aşılamaq mümkündür. Bu cür kiçik addımlar uşağın davranış modelinə çevrildikdə, gələcəkdə daha böyük məsuliyyətləri də öz üzərinə götürməsi asanlaşır. Lakin cəmiyyətdə tez-tez görürük ki, insanlar öz məsuliyyətlərindən qaçırlar. Bu hal həm ailə həyatında, həm sosial münasibətlərdə, həm də iş mühitində özünü göstərir. Belə insanlar zamanla həm özləri üçün çətinlik yaradır, həm də ətrafdakılar tərəfindən məsuliyyətsiz kimi qəbul olunduqları üçün cəmiyyətdə mövqe tutmaqda çətinlik yaşayırlar.

Düşünürəm ki, 4–5–6 yaşlarında verilən düzgün tərbiyə və məsuliyyətin ardıcıl şəkildə öyrədilməsi gələcəkdə bu problemin qarşısını almağa ciddi şəkildə kömək edə bilər. Bu yaş dövrü uşağın şəxsiyyətinin formalaşması üçün ən həssas mərhələlərdən biridir. Valideynlərin bu mərhələdə göstərdiyi dəstək, aşılanmış davranış vərdişləri və öyrədilən sadə məsuliyyətlər uşağın gələcək həyatında həm daha güclü, həm də daha şüurlu fərd olmasına zəmin yaradır".