Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. SİA xəbər verir ki, səhiyyə naziri Teymur Musayev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüşüb.
T.Musayev iki ölkə arasında səhiyyə sahəsində əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, İtaliya ilə praktiki əməkdaşlığa hazır olduqlarını bildirib.
Nazir gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini qeyd edib.
Səfir iki ölkə arasında 1992-ci ildən etibarən diplomatik əlaqələrin qurulduğunu və bu müddət ərzində ikitərəfli əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan-İtaliya münasibətləri böyük yol keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq ifadə olunub.
Bundan başqa, səhiyyə sistemlərinin rəqəmsallaşdırılmasının tətbiqi üzrə əməkdaşlığın qurulması, əczaçılıq, tibb təhsili, həkimlərin təkmilləşdirilməsi, səhiyyə idarəçiliyi sahəsində təcrübə mübadiləsinin vacibliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.