ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. SİA-nın məlumatına görə, bu barədə ATƏT-in bəyanatında deyilir.
"ATƏT 2025-ci il sentyabrın 1-də Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra qəbul edilmiş Nazirlər Şurasının MC.DEC/1/25 qərarına uyğun olaraq, 2025-ci il noyabrın 30-da saat 23:59-da Minsk prosesinin və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb", - bəyanatda bildirilib.
Təşkilatdan bildirilib ki, bütün inzibati prosedurların başa çatması Minsk prosesinin qəti bağlanması deməkdir.
"Minsk prosesinin bağlanması ABŞ Prezidenti Donald Tramp tərəfindən şahidlik edilən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi birgə bəyannamədən sonra ATƏT-in bütün 57 iştirakçı dövlətinin 1 sentyabr tarixli konsensus qərarının həyata keçirilməsi deməkdir", - bəyanatda qeyd olunub.