"Qlobal inflyasiya deyəndə nəzərə almaq lazımdır ki, Azərbaycandakı inflyasiya səviyyəsi qlobal inflyasiya göstəricilərindən daha yüksəkdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

O bildirib ki, hazırda qlobal inflyasiya təxminən 3% civarında olsa da, Azərbaycanda bu rəqəm 6%-ə çatır: "Bu isə onu göstərir ki, ölkədə inflyasiya prosesi müəyyən dərəcədə daha sürətlə baş verir və bu tendensiya əhalinin alıcılıq qabiliyyətinə bilavasitə təsir göstərir.
Məsələn, Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, ərzaq məhsulları üzrə inflyasiya səviyyəsi 8% təşkil edir. Bu göstərici onu deməyə əsas verir ki, həm qlobal inflyasiya, həm də Azərbaycan manatının dollarla və digər beynəlxalq valyutalarla olan paritetindəki dəyişikliklər daxili bazarda qiymətlərin daha yüksək templə artmasına səbəb olub. Nəticədə, idxaldan asılı olan məhsulların qiymətləri xüsusilə həssas şəkildə yüksəlib və bu da ümumi inflyasiya səviyyəsini artıran əsas amillərdən biri kimi çıxış edir.
Azərbaycanın makroiqtisadi sabitliyinin əsas dayaqlarından biri Dövlət Neft Fondu və onun formalaşdırdığı böyük həcmdə ehtiyatlardır. Bu ehtiyatlar imkan verir ki, neft sektorundan daxilolmalar azaldığı halda belə, valyuta bazarında stabillik qorunsun. Fondun vəsaitləri sayəsində hökumət iqtisadi tarazlığı saxlaya bilir, kəskin dalğalanmaların qarşısı alınır və iqtisadiyyatın davamlı inkişafının təmin olunması üçün əlavə dəstək mexanizmi formalaşır. Bu, xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliyin artdığı dövrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edir".