İdman zalında məşq edənlər nələri bilməlidir

1 Dekabr 2025 09:56 (UTC+04:00)

“Artıq çəkidən azad olmaq dedikdə ilk ağıla gələn pəhrizdir. Lakin artıq çəkidən azad olmaq üçün pəhrizlə bərabər idman ən ideal vasitədir. İdman təkcə arıqlamaq üçün deyil, sağlamlıq və ideal bədən quruluşuna malik olmaq üçün əvəzsiz üsuldur. Hər üç halda məşq zallarına üz tutan insanlar çox zaman kor-koranə idman etdiklərinin fərqində olmurlar. Az keçmir ki, bunun əks təsirləri özünü göstərməyə başlayır. Sirr deyil ki, müasir dövrün problemlərindən olan artıq çəki ilə daha çox qadınlar mübarizə aparır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyev artıq çəkidən azad olmaq üçün məşq zallarına üz tutanlara bəzi məsləhətlərini təqdim edir: “Təkcə idman artıq çəki ilə mübarizədə gücsüzdür. Əgər hər kəs artıq çəkidən azad olmaq istəyirsə, məşqlərlə bərabər pəhriz saxlamalıdır. Bu o demək deyil ki, yeməkdən birdən-birə imtina edilməlidir. Bu, düzgün deyil. Çünki bədəndə vitamin çatışmazlığı yarana bilər. Bədəni alışdıra-alışdıra pəhrizə keçmək lazımdır. İlk növbədə çörək, qızardılmış, yağlı yeməkləri menyudan çıxarmaq, şirniyyat və çörəyi nisbətən azaltmaq, suda bişmiş yeməklərə üstünlük vermək lazımdır. Zülal, ət, süd, yumurta, balıq, paxlalı bitkiləri rasionlarından çıxarmamalıdırlar. Bu qidaların əzələlərə də xeyri var. Əzələni möhkəmlədir və formalaşdırır. Arıqlamaq üçün qida rasionu əsas şərtdir. İdmanın effekti yalnız bu zaman alına bilər”.

Afət Tahirqızı