Bakı Kitab Mərkəzində Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət Telekanalının direktor müavini şair-publisist Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabının təqdimat mərasimi keçirilib.
SİA xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı yeni nəşr haqqında fikirlərini bölüşüb. “Müəllifin şeirləri Allaha inanmaqla onu hiss etmək arasındakı mənəvi keçidi incə poetik çalarlarla ifadə edir. Kitab insanın daxili dialoqunu, ruhun dərinliklərində gizlənən cavabsız düşüncələri oxucuya çatdırmağı bacarır”, - deyə Günel Anarqızı əlavə edib.
Deputat Elçin Mirzəbəyli Bəhruz Niftəliyevi ruhdaşı kimi dəyərləndirərək deyib: “Onunla müxtəlif poetik ruhların bir araya gəldiyi səmimi və mənalı müsahibələr etmişik. Müəllifin hər misrası mənə doğma və yaxın gəlir”.
Deputat Jalə Əliyeva belə tədbirlərin sözün, poeziyanın və ədəbiyyatın dəyərini daha dərindən anlamağa imkan yaratdığını söyləyib.
Akademik Nizami Cəfərov Bəhruz Niftəliyevin şair kimi fəaliyyətindən xəbərdar olanda heyrətləndiyini bildirib. O vurğulayıb ki, müəllif istedadı ilə seçilən yaradıcı şəxsdir. Şeirlərinin quruluşunda sual və nida intonasiyalarının üstünlük təşkil etməsi onun fərqli poetik üslubunun əsas göstəricilərindəndir.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid poeziyaya üz tutmağın böyük məsuliyyət tələb etdiyini qeyd edib, Bəhruz Niftəliyevə yaradıcılığında uğurlar arzulayıb.
Mədəniyyət telekanalının direktoru, Əməkdar artist Dilarə Səlim deyib: “Ədəbiyyat, söz, musiqi və incəsənət ətrafında toplaşan bu birlik yüksək mənəvi dəyər deməkdir. Bəhruz Niftəliyevin sözə hörməti, mədəniyyətə sevgisi və ümumi ideya, amal və dəyərlərə bağlılığı onun yaradıcılığının əsas xəttini təşkil edir”.
Tanınmış alim, şair, professor Mahirə Nağıqızı müəlliflə birgə efir təcrübəsini xatırlayaraq onun yaradıcı düşüncəsinə yüksək qiymət verib.
Digər çıxışçılar da kitabın ideya xəttindən, müəllifin poetik üslubundan və “Tanrıya məktublar”ın müasir oxucuya təsir gücündən söz açıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda müəllif oxucular üçün kitabını imzalayıb.