28 noyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında həkim-rezidentlərin peşəkar inkişafına yönəlmiş daha bir elmi-praktik təlim təşkil edilib. SİA xəbər verir ki, təlimdə Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin rəisi, yüksəkixtisaslı ümumi cərrah, t.ü.f.d. Dr. Namiq Novruzov “Kolostoma və parakolostomik ağırlaşmalar” mövzusunda geniş təqdimatla çıxış edib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda müxtəlif şöbələrində təhsil alan həkim-rezidentlər iştirak ediblər. Namiq həkim çıxışı zamanı kolostomanın tətbiq edilmə göstərişləri, əməliyyatın aparılma prinsipləri, eləcə də kolostoma ilə bağlı əməliyyatdan sonrakı mərhələdə yarana biləcək ağırlaşmalar, onların patogenezi, risk amilləri və profilaktik yanaşmaları barədə ətraflı məlumat verib.
Həmçinin, parakolostomik fəsadların erkən aşkarlanması, diaqnostik yollar, müasir müalicə üsulları və klinik qərarvermə strategiyaları real klinik nümunələr və müzakirələr əsasında izah edilib.
Təlim interaktiv müzakirələrlə davam edib. Həkim-rezidentlər mövzu ilə bağlı suallarını təqdim edərək Namiq həkimdən praktiki tövsiyələr alıblar. Təlim kolorektal cərrahiyyə, stoma idarəetməsi və pasiyentlərin keyfiyyətli postoperativ qayğısı sahəsində biliklərin daha da artırılması baxımından böyük əhəmiyyət daşıyıb.