Hava Nəqliyyatının Baş Gömrük İdarəsində sərnişin buraxılış prosedurlarının təşkili

28 Noyabr 2025 17:42 (UTC+04:00)

Hava Nəqliyyatının Baş Gömrük İdarəsinin sərnişin şöbəsinin böyük inspektoru, gömrük xidməti kapitanı Məmmədova Xatirə media nümayəndələrinə verdiyi müsahibədə sərnişinlər üçün tətbiq olunan gömrük nəzarəti və buraxılış mexanizmləri barədə ətraflı məlumat verib. SİA xəbər verir ki, sərnişinlərin gömrük rəsmiləşdirilməsi prosesində güzəştli və sadələşdirilmiş qaydaların təmin olunması məqsədilə “yaşıl kanal” və “qırmızı kanal” buraxılış sistemlərinin tətbiq edildiyi bildirilib.

Yaşıl kanal sistemi sərnişinlərin üzərlərində gömrük orqanına yazılı şəkildə bəyan edilməli olan malların olmadığı hallarda istifadə olunur. Bu kanala daxil olan şəxslər şifahi bəyanetmə əsasında gömrük nəzarətindən keçir və onların müşayiət olunan baqajında gömrük bəyannaməsinə cəlb ediləcək mal mövcud sayılmır.

Qırmızı kanal isə yazılı bəyannamə tələb olunan malların rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistem vasitəsilə sərnişinlər gömrük orqanına mallar barədə rəsmi, yazılı formada məlumat təqdim edirlər.

Eyni zamanda vurğulanıb ki, yaşıl kanala daxil olmaq sərnişinin yoxlamadan tam azad edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən, gömrük əməkdaşları yaşıl kanaldan keçən şəxsləri də seçmə qaydada yoxlamaya cəlb edə bilərlər. Bu hallarda sərnişinlər Gömrük Məcəlləsinin 60 və 61-ci maddələrinə uyğun olaraq sorğu-suala tutulur, onlardan şəxsiyyəti təsdiq edən sənədlər, səyahət marşrutu və daşınan mallarla bağlı məlumatlar tələb olunur. Şübhə yarandıqda isə həmin şəxslər əlavə yoxlama aparılması üçün qırmızı kanala yönləndirilir.

Yoxlama prosesinin operativ və effektiv həyata keçirilməsi məqsədilə müasir texniki vasitələrdən, mexaniki-elektron qurğulardan, həmçinin xidməti itlərdən istifadə olunur. Bununla yanaşı, Gömrük Məcəlləsinin 65.2-ci bəndinə əsasən gömrük orqanları nəzarəti təmin etmək məqsədilə istənilən konteyneri, yükü və ya əşyanı açmaq və açılmasını tələb etmək hüququna malikdir.

Qeyd olunub ki, gömrük orqanlarının qanuni tələbləri bütün şəxslər üçün məcburidir və həmin tələblərin icra edilməməsi və ya gömrük əməkdaşlarının fəaliyyətinə maneçilik törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən hüquqi məsuliyyət yaradır.

Bu tətbiq olunan mexanizmlər sərnişin axınının tənzimlənməsi, qanunvericiliyin icrasının təmin olunması və dövlət sərhədindən qanunsuz malların keçirilməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Günay Hacıyeva