"Kiçik və orta sahibkarlığın dəstəklənməsi Azərbaycanda kreativ və strateji əhəmiyyət daşıyan məsələlərdəndir. Ümumiyyətlə, iqtisadiyyatın dayanıqlılığı və innovasiya potensialının gücləndirilməsi baxımından KOB (kiçik və orta biznes) subyektlərinin inkişafı xüsusi önəm kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycanda növbəti ildən etibarən mikro sahibkarların dəstəklənməsi məqsədilə sadələşdirilmiş vergi sistemində dəyişiklik nəzərdə tutulur: "Belə ki, illik dövriyyə limiti 200 min manatdan 400 min manata qaldırılacaq. Bu dəyişiklik mikro sahibkarların daha sərbəst fəaliyyət göstərməsinə və inkişaf imkanlarını genişləndirməsinə şərait yaradacaq.
Bundan əlavə, gənclərin sahibkarlıq sahəsinə cəlb olunması və startapların dəstəklənməsi istiqamətində tədbirlər həyata keçirilir. Startaplar vasitəsilə öz biznesini quran və inkişaf etdirən gənclər üçün Vergi Məcəlləsində müxtəlif güzəştlər nəzərdə tutulub. Bu, xüsusilə innovativ ideyalara malik gənclərin fəaliyyətini genişləndirməsinə və dövlət dəstəyi ilə irəliləməsinə imkan verir.
2026-cı ildən etibarən Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsi siyasəti daha da gücləndiriləcək. Bu isə mikro sahibkarların vergi yükünün azaldılması və onlara daha əlverişli şəraitin yaradılması ilə müşayiət olunacaq".