Uşaqlar neçə yaşdan sonra sosial şəbəkələr istifadə etməlidir? - PSİXOLOQ AÇIQLADI

28 Noyabr 2025 16:54 (UTC+04:00)

Son illərdə sosial şəbəkələrin sürətlə yayılması xüsusilə yeniyetmələrin onlardan geniş istifadə etməsi ilə bağlı ciddi müzakirələrə səbəb olur. Artıq bir çox ölkələrdə 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması və ya tam qadağan edilməsi məsələsi gündəmə gətirilir. Bu isə təbii olaraq belə bir sualı aktuallaşdırır: Uşaqlar sosial şəbəkələrdən nə vaxt istifadə etməyə başlamalıdır və erkən yaşda bu platformalara çıxışın hansı mənfi təsirləri ola bilər?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, müasir dövrdə uşaqlarda telefon asılılığı, sosial şəbəkədən asılı olma problemi olduğuna görə 16 yaşadək qadağa məsələsi ilə bağlı müzakirələr gedir:

"Amma uzunmüddətli qadağanın tətbiq olunması uşaqlara mənfi təsir göstərə bilər. Buna görə də ən yaxşı yol uşağı daha az yaşından bu vasitələrlə tanış etməməkdir. Məsələn, erkən yaşlardan telefonu, planşeti tanıtdırmamaq daha məqsədəuyğundur. Daha çox çalışmaq lazımdır ki, ümumiyyətlə, 6 yaşa qədər uşaq telefonla və planşetlə az təmasda olsun. 6 yaşdan sonra isə artıq dərslərinə uyğun olaraq müəyyən məlumatları tapmaq üçün – yəni məqsədi, niyyəti fərqli olmalıdır ki, uşaq nədən və nə üçün istifadə etdiyini bilsin. Əgər uşaq boş zamanlarını telefonla keçirdirsə, əlbəttə ki, orada ancaq məlumatlara baxır, müəyyən filmlərə, cizgi filmlərinə və s. baxır və zamanını düzgün dəyərləndirə bilmir. Ona görə də biz çalışmalıyıq ki, uşaqları iradəsiz dövrlərində – yəni yaşlarının elə vaxtları olur ki, o zaman onlar iradəsiz olurlar – həmin dövrdə telefon və planşetlə daha tez tanış etməyək ki, sonra fəsadlarını görməyək. Belə olan halda uşaqlarda daha çox asılılıq azalır və onların marağı da aşağı olur. Məktəb başlayandan sonra isə artıq onların fikirləri dərslərdə olur və boş vaxtlarını sadəcə müəyyən oyunlara – daha çox əşya ilə oynanan oyunlara – sərf edirlər, nəinki telefondakı oyunlara. Yəni, 6 yaşa qədər mümkün qədər qorumalıyıq, 6 yaşdan sonra sadəcə araşdırma məqsədi ilə istifadə etmələrinə şərait yaratmaq olar. Ondan sonra isə, artıq böyük siniflərdə, uşaqlar özlərinə lazım olan məqsədlərlə telefondan istifadə edəcəklər".