"Azərbaycan qardaş ölkələrlə birlikdə olmağa hazırdır" - ŞƏRH EDİLDİ

28 Noyabr 2025 16:16 (UTC+04:00)

"Türk Dövlətləri Təşkilatı, üzv ölkələrin bütün sahələr üzrə əməkdaşlığa və birgə fəaliyyət göstərməyə çağırır. Bu istiqamətlərdən biri də vətəndaş cəmiyyəti xətti ilə fəaliyyət göstərən təşkilatların bir-birinə yaxınlaşmasıdır. Onların Bakıda forum keçirməsi o deməkdir ki, artıq bu istiqamətdə də işlər görülməyə başlanılıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əməkdaşlıq sahəsində təşkilat liderləri səviyyəsində qarşılıqlı anlaşma və yaxınlıq nümayiş olunur:

"Eyni zamanda təşkilat çərçivəsində ölkələr arasında texniki əməkdaşlıq və birgə təlimlər də başlayır. Görünən odur ki, Türk Dövlətləri Təşkilatı formal deyil, həqiqətən də eyni məqsədə qulluq edən dövlətlərin birliyidir. Bu birlik çərçivəsində vətəndaş cəmiyyəti də öz nümunəsini göstərməlidir. Azərbaycanda inkişaf etmiş bir vətəndaş cəmiyyəti mövcuddur. Üç minə yaxın qeyri-hökumət təşkilatı fəaliyyət göstərir və onların hər biri cəmiyyətin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Dövlət tərəfindən hər il qeyri-hökumət təşkilatlarına dəstək məqsədilə büdcədən vəsait ayrılır və bu rəqəm ildən-ilə artır. Türk Dövlətlərinin QHT-lərinin bir-birindən öyrənməyə, birgə fəaliyyət göstərməyə ehtiyacı var. Hesab edirəm ki, onlar doğru yoldadırlar. Bu tədbirlər və forumlar gələcəkdə digər ölkələrdə də birgə fəaliyyətin qurulmasına imkan verəcək. Azərbaycan Türk Dövlətləri ilə əməkdaşlığın bütün sahələrində qardaş ölkələrlə birlikdə olmağa hazırdır".