Liviya “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır - FOTOLAR

28 Noyabr 2025 15:47 (UTC+04:00)

Liviya Dövlətinin Baş nazirinin müşaviri Mohamed Abdusalamın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Təqdimat zamanı hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, dataəsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarə edilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.

Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, “108” Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar.

Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.