"Xəzərin səviyyə azalması: prosesin əsas səbəbləri geosiyasətdən daha güclüdür" - ŞƏRH

28 Noyabr 2025 15:37 (UTC+04:00)

"Xəzər dənizinin səviyyəsinin azalması son illərdə region ölkələrinin diqqət mərkəzindədir və bu prosesin səbəbləri ilə bağlı müxtəlif iddialar səslənir. Bəzən “Rusiya faktoru” xüsusi vurğulansa da, bu yanaşma həm elmi, həm də geosiyasi baxımdan birmənalı deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, real vəziyyət göstərir ki, Xəzərin çəkilməsini təkcə bir ölkənin fəaliyyəti ilə izah etmək düzgün olmaz: "Xəzərin su səviyyəsi ilk növbədə qlobal iqlim dəyişikliyi, təbii buxarlanma prosesləri, hidroloji dövrlərin dəyişməsi və çay axınlarının azalması kimi obyektiv amillərdən asılıdır. Əsas qidalandırıcı mənbə olan Volqa çayının su ehtiyatının azalması isə daha çox iqlim faktorları ilə bağlıdır: yağışların və qar örtüyünün həcminin azalması, temperaturun yüksəlməsi, meşə yanğınları və relyefdəki dəyişikliklər su axınının təbii şəkildə azalmasına gətirib çıxarır. Bununla belə, Rusiyada Volqa hövzəsində həyata keçirilən sənaye fəaliyyəti, su ehtiyatlarının idarə olunması və ekoloji siyasət müəyyən dərəcədə təsir göstərə bilər. Xüsusilə suyun sənaye məqsədilə istifadəsi, çay yataqlarının çirklənməsi, hidrotexniki tikililər və suyun normadan artıq tənzimlənməsi Xəzərə axan ümumi su balansına müəyyən təsirlər yaradır. Amma burada vacib məqam budur ki, bu təsirlər Xəzərin ümumi dəniz səviyyəsinin dəyişməsi miqyasında həlledici amil hesab edilmir.

Geosiyasi müstəvidə isə bəzən regiondakı proseslərin səbəbləri şişirdilərək Rusiyanın üzərinə yönəldilə bilər. Xəzərin çəkilməsi kimi genişmiqyaslı ekoloji prosesləri yalnız bir dövlətin siyasəti ilə əlaqələndirmək həm elmi əsasdan məhrumdur, həm də prosesin qlobal xarakterini nəzərdən qaçırmaqdır. Çünki Xəzər hövzəsi bütövlükdə qlobal istiləşmənin təsiri altında olan qapalı su hövzəsidir və burada baş verən dəyişikliklər çox amillidir.

Xəzərin səviyyə azalması daha çox iqlim dəyişikliyi, buxarlanmanın artması, çay axınlarının təbii azalması və su resurslarından qeyri-səmərəli istifadə kimi kompleks səbəblərlə bağlıdır. Rusiya faktoru mövcud olsa da, bu, prosesin yalnız bir hissəsini təşkil edir və Xəzərin qurumasını izah edən əsas determinant deyil. Region ölkələri üçün ən vacib məsələ isə bu ekoloji böhranı geosiyasi ittihamlarla deyil, ortaq elmi, ekoloji və idarəetmə mexanizmləri ilə həll etməkdir".