"Kriptovalyutaların dövlət tərəfindən tənzimlənməsi həm bazarın sabitliyinə, həm də onun inkişaf tempinə təsir edən mühüm amillərdən biridir. Bu prosesin mahiyyətinə nəzər yetirdikdə aydın olur ki, tənzimləmə tamamilə mənfi və ya tamamilə müsbət təsir göstərən mexanizm deyil". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, əksinə, onun nəticəsi dövlətin hansı modeldən istifadə etməsindən asılıdır: "Dövlətin bu sahəyə nəzarət etməsi ilk növbədə bazarda daha stabil və şəffaf mühit yaradır. Çünki kriptovalyuta sektoru təbiətcə yüksək riskli, dalğalanmalara açıq və manipulyasiya üçün əlverişli bir sahədir. Tənzimlənmənin olmadığı şəraitdə dələduzluq sxemləri, qeyri-qanuni əməliyyatlar, investorların aldadılması kimi hallar geniş yayılır. Dövlətin hüquqi çərçivə yaratması isə həm investorların hüquqlarını qoruyur, həm də kriptovalyuta birjalarının və şirkətlərin fəaliyyətini daha məsuliyyətli edir. Şəffaflıq artdıqca bazara olan inam yüksəlir və bu da uzunmüddətli inkişaf üçün müsbət zəmin yaradır. Lakin tənzimləmənin digər tərəfi də nəzərə alınmalıdır. Əgər dövlət çox sərt və məhdudlaşdırıcı qaydalar tətbiq edirsə, bu, innovasiyaları ləngidə və kripto sektorunu inkişafdan saxlaya bilər. Kriptovalyutalar öz sürətli inkişafını məhz sərbəst texnoloji mühit sayəsində əldə edib. Məhz buna görə beynəlxalq təcrübə göstərir ki, həddən artıq nəzarət startapların və investorların ölkəni tərk etməsinə, bazarın daha yavaş inkişaf etməsinə səbəb ola bilər. Bu cür yanaşma rəqabət avantajını azaldır və texnoloji irəliləyişi zəiflədir.
Burada əsas həlledici faktor dövlətin hansı tip tənzimləmə həyata keçirməsidir. Şüurlu, çevik və innovasiyanı dəstəkləyən tənzimləmə həm bazarın təhlükəsizliyini təmin edir, həm də sektorun inkişaf tempini qoruyur. Belə çərçivə kriptovalyutaların maliyyə sisteminə inteqrasiyasını asanlaşdırır, yeni texnologiyaların tətbiqini stimullaşdırır və bazarda riskləri minimuma endirir. Əksinə, məhdudlaşdırıcı və ağır tənzimləmə sektoru kölgə iqtisadiyyatına sürükləyə, onun rəqabət qabiliyyətini zəiflədə bilər.
Nəticə etibarilə, kriptovalyutaların tənzimlənməsi lazımdır, amma bu tənzimləmə müasir iqtisadi tendensiyalara uyğun, innovasiyanı təşviq edən və bazarın sağlam fəaliyyətini təmin edən şəkildə aparılmalıdır. Yalnız bu halda həm sabitlik, həm də davamlı inkişaf paralel şəkildə təmin oluna bilər".