“Black Friday”: Niyə məhz Cümə?

28 Noyabr 2025 14:17 (UTC+04:00)

Son illər Azərbaycanda da tez-tez rast gəldiyimiz “Black Friday”, yəni “Qara Cümə” ifadəsi əslində Qərb ölkələrinə məxsus kommersiya hadisəsinin adıdır. Hər il noyabr ayının son cüməsində keçirilən bu gün mağaza və şirkətlər tərəfindən böyük endirim kampaniyaları ilə müşayiət olunur. Reklamlarda, vitrinlərdə, sosial şəbəkələrdə bu ifadə o qədər çox görünür ki, insanlarda təbii olaraq sual yaranır: Niyə başqa gün yox, məhz Cümə? Bu ad haradan gəlir? Və bu anlayış müsəlman cəmiyyətində necə qarşılanmalıdır?

“Black Friday” adının tarixi haradan gəlir? Black Friday ilk dəfə 1960-cı illərdə ABŞ-ın Filadelfiya şəhərində meydana çıxıb. Şükran günü adlı bayramdan sonrakı cümə günü bütün insanlar alış-verişə axışdığından şəhərdə qeyri-adi tıxaclar, həddindən artıq izdiham olurdu. Polis və şəhər rəhbərliyi bu günü “qara” adlandırmağa başladı. Çünki həmin gün küçələr iflic olurdu, mağazalarda sıxlıq yaranırdı, insanların bir-birini itələməsi nəticəsində xəsarətlər qeydə alınırdı, bəzi illərdə hətta ölüm hallarına da rast gəlinirdi.

Daha sonra bu ifadə geniş yayıldı və artıq bütün Qərb ölkələrində ilin ən böyük endirim günü kimi qəbul edildi. Bu tarixdən etibarən Qərbdə Yeni il alış-veriş mövsümü də başlayır.

Bütün bunlar bizə nə dərəcədə lazımdır? Alış-veriş endirimləri əlbəttə ki, müsbət ola bilər. Lakin ifadənin özü “Qara Cümə” bizim dini və mədəni dəyərlərimizlə ziddiyyət təşkil edir.

Əslində insanlar “Black Friday” ifadəsinə alternativ olaraq başqa terminlərdən də istifadə edə bilərlər. Dünyanın bəzi müsəlman ölkələrində bunu “Big Sale Day”, “Mega Friday”, “Discount Day” kimi adlandırırlar. Biz də öz mədəniyyətimizi qorumaq üçün belə yanaşmaları təşviq edə bilərik.

Cümə gününü qara adlandırmaq dinimizə yaraşmayan bir yanaşmadır. Cümə müsəlman üçün mübarək və müqəddəs gündür. İslamda Cümə günü çox üstün və mübarək sayılır. Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur ki, “Allah dərgahında ən fəzilətli, ən xeyirli gün Cümə günüdür. ”

Bir çox müsəlman ölkələrində hətta Cümə günü rəsmi olaraq istirahət günü sayılır. Müqəddəs bir günü “qara” adlandırmaq nə dərəcədə doğrudur?

Bu yanaşmanın ticarət məqsədi daşıdığını bilirik. Biz demokratik ölkədə yaşayırıq, dünyaya inteqrasiya edirik. Bu, müasir cəmiyyət üçün başa düşüləndir. Amma bu, o demək deyil ki, öz dəyərlərimizi, ənənələrimizi və müqəddəs hesab etdiyimiz anlayışları kənara qoymalıyıq.

Sonda bir daha vurğulamaq istəyirəm ki, Black Friday Qərb mədəniyyətinə məxsus kommersiya hadisəsidir. Endirimlərin olması pis deyil, amma bu anlayışın tərcüməsi “Qara Cümə” bizim mədəni və dini dəyərlərimizlə uzlaşmır. Buna görə də həm cəmiyyət, həm də biznes qurumları daha uyğun, daha neytral terminlərdən istifadə etməyi düşünə bilər.