Növbəti köç karvanı Məmmədbəyli kəndinə çatıb

28 Noyabr 2025 13:27 (UTC+04:00)

Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına çatıblar. SİA-nın bölgə müxbiri xəbər verir ki, Məmmədbəyli kəndi bu gün 33 ailə olmaqla, 177 nəfərə qucaq açıb. Kəndə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Köçürülən ailələrin, evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.