Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

28 Noyabr 2025 13:25 (UTC+04:00)

Dekabrın 19-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İmtahan DİM-im Elektron imtahanlar korpusunda təşkil ediləcək.

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanda iştirak etmək üçün TKTA-da qeydiyyatdan keçmiş ərizəçilər dekabrın 15-dən etibarən DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə biləcəklər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstəriləcək.

Ərizəçilər ixtisasları (müəllimlik, mühəndislik, hüquq) üzrə proqramla və test tapşırığı nümunələri ilə DİM-saytında tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır.

Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır.

Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Səhv cavablar düz cavabların sayına təsir göstərmir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.