Erməni faşizminə qurulan “Nürnberq məhkəməsi” TƏHLİL

28 Noyabr 2025 13:17 (UTC+04:00)

Haqlı deyilib, heç bir cinayətkar cəzasız qalmır. Xüsusilə də bəşəri cinayət törədən, insanlığa qarşı soyqırımı aktları törədənlər gec -tez ədalət mühakiməsinə çıxarılaraq layiq olduqları cəzanı alırlar. Tariximiz də belə cinayətkarlar haqqında qurulan beynəlxalq məhkəmələrə dair çox danışılıb, deyilib və yazılıb. Xüsusilə də ikinci dünya müharibəsinin təşkilatçıları olan Almaniya nasist rejiminin 24 nəfər cəlladlarının "Nürnberg Məhkəməsi" vasitəsi ilə mühakimə olunması iyirminci əsrin əsas məhkəmələrindən hesab olunur. "Nürnberg Məhkəməsi"ndə Adolf Hitlerin ən vacib adamlardan biri olan Martin Borman, Alman donanmasının başçısı və Adodf Hitler özünü zəhərləyib öldüküdən sonra Faşist Almaniyasına başçılıq etmiş Karl Dönitz, Nasist Almaniyasının Ədliyyə naziri Hans Frank, 1933-1945-ci illərdə Nasist Almaniyasında daxili işlər naziri olmuş Wilhelm Frick və digərləri mühakimə olunmuşlar. Onların bir çoxu ölüm hökmünə məhkum olunaraq edam edilmişdir. İkinci dünya müharibəsindən sonra qurulan növbəti beynəlxalq məhkəmə 1992-1995-ci illərdə Bosniya müsəlmanlarına qarşı törədilmiş kütləvi soyqırımların birbaşa təşkilatçısı və bir çox müharibə cinayətlərində təqsirli bilinən Bosniya serblərinin liderləri Slobodan Miloşeviç və Radovan Karaciç 2008-ci il də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalına çıxarılaraq layiq olduqları cəzanı almışlar. İyirmi birinci əsrdə ən diqqtəçəkən məhkəmə Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) Ermənistan vətəndaşları olan erməni hərbi cinayətkarlarına qarşı keçirlən məhkəmədir. Azərbaycanda və dünyanın əksər mətbu orqanlarında erməni hərbi cinayətkarlarının məhkəməsi "Nürnberq məhkəməsi" olaraq təqdim olunur.

Erməni hərbi cinayətkarı məhkəmə qarşısında

Bakı Hərbi Məhkəmə də keçirilən prosesdə ittiham aktına əsasən qeyd olunduğu kimi Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub. Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Erməni hərbi cinayətkarlar Ermənistan rəhbərliyini ittiham edirlər

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.Məhkəmədə təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışı başlayıb.

Təqsirləndirilən Qurgen Stepanyanın müdafiəçisi Zümrüd Səmədova çıxışının əvvəlində xatırladıb ki, dövlət ittihamını müdafiə edən prokuror Q.Stepanyanın 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəmədən xahiş edib. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamlarda təqsirli bilmir. Onun sözlərinə görə, Q.Stepanyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi kimi, 2005-2007-ci illərdə Hadrut qəsəbəsində müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib, 2023-cü ildə isə döyüş postuna aparılıb.

Vəkil deyib ki, 2023-cü il sentyabrın 19-da o, mövqeyini tərk edərək Xankəndi şəhərinə qaçıb və yolda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə rastlaşaraq onlara təslim olub.

"Müdafiə tərəfi olaraq hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən şəxsin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməlidir. Odur ki, məhkəmədən həmin maddəni əsas götürməklə təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş edirəm", - deyə vəkil əlavə edib.

Q.Stepanyanın digər vəkili Rafiq Kərimov da hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi Əzizağa Qafarov çıxışında qeyd edib ki, hüquqlarını qoruduğu şəxs qeyd edilən cinayət hadisələrinin törədilməsində təqsirli deyil. Vəkil söyləyib ki, V.Beqlaryan 2012-2013-cü illərdə Ağdərə ərazisində müddətli həqiqi hərbi qulluqçu - əsgər kimi xidmət keçib. Onun sözlərinə görə, V.Beqlaryan 2022-ci ildə Xankəndi şəhərində yerləşən hərbi birləşmədə müddətdən artıq hərbi qulluqçu, əsgər kimi 3 illik müqavilə imzalayıb və bir neçə dəfə Çərəkdar kəndi istiqamətində yerləşən döyüş mövqeyinə göndərilərək orada silahlı növbətçilik çəkib.

Müdafiəçi deyib ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 3 il müddətinə müqavilə imzalayaraq Xankəndi şəhərində yerləşən hərbi birləşmədə xidmət etməsi faktının təqsir qismində Vasili Beqlaryana şamil edilməsi ədalətli və qanuni sayıla bilməz. Belə ki, həmin dövrdə onun xidmət keçməsi könüllü xarakter daşısa da, bu, onun iş tapa bilməməsi, müqavilə əsasında əməkhaqqı alması məqsədilə edilib. Müdafiəçi deyib ki, qeyd edilən dəlil təqsirləndirilən şəxsin ifadəsi ilə də sübuta yetirilir.O qeyd edib ki, V.Beqlaryan tutulduğu vaxtdan, yəni 2023-cü il sentyabrın 26-dan indiyədək, elan olunmuş ittihamlarla bağlı özünü təqsirli bilməyib.

Müdafiəçi V.Beqlaryan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyanın müdafiəçisi Pərvanə Qasımova çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs cinayətkar birliyin üzvü olmayıb. O, ittiham tərəfinin sübutlarını qəbul etmədiklərini söyləyərək, A.Qukasyan barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

A.Qukasyanın digər vəkili Nailə Tağıyeva da müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs David Manukyanın müdafiəçisi Valeh Qurbanov deyib ki, hüquqlarını qoruduğu şəxs özünü təqsirli bilmir, eləcə də özünü heç bir cinayətkar birliyin üzvü hesab etmir. Vəkil daha sonra söyləyib: "David Manukyan heç bir qanunsuz silahlı dəstənin yaradıcısı və üzvü olmayıb. O, hərbçi olub, hərbi təlimat əsasında fəaliyyət göstərib".

Müdafiəçi bildirib ki, baş verənlərdə əsas təqsirkar Ermənistanın siyasi-hərbi rəhbərliyidir. O, D.Manukyanın mövqeyini müdafiə etdiyini bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən David Babayanın vəkili Çingiz Mansurov hüquqlarını müdafiə etdiyi şəxsin 2023-cü ilin sentyabr ayında Azərbaycan hərbçilərinə könüllü şəkildə təslim olduğunu söyləyib. Müdafiəçi deyib ki, D.Babayan özünü elan olunmuş ittihamlarda təqsirli bilmir. O, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs Madat Babayanın müdafiəçisi Leyla Namazzadə çıxışında deyib ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycan helikopterinin vurulması nəticəsində ölkəmizin dövlət xadimlərinin həyatına sui-qəsd etmə epizodu üzrə M.Babayana bəraət verilməlidir. O bildirib ki, M.Babayan həmin dövrdə Ağdərə və Tərtər istiqamətində postlarda xidmət edib və odlu silahdan canlı hədəflərə qarşı heç bir atəş açmayıb, yalnız açıq havaya atəşlər açıb.

Vəkil daha sonra deyib: "Hüquqlarını müdafiə etdiyim Madat Babayan istintaqa səmimi ifadə verib və məhkəmə istintaqı zamanı istintaqda verdiyi ifadəni iki dəfə təsdiqləyib. Onun verdiyi səmimi ifadə və iti yaddaşı nəticəsində Xocalı ərazisindən özünün birbaşa göstərdiyi nöqtələrdən Xocalı soyqırımı zamanı qətlə yetirilmiş şəxslərin qalıqları aşkar olunub, şəxsiyyətləri müəyyən olunduqdan sonra ailələrinə təhvil verilib. Qətlə yetirilmiş soydaşlarımız 30 ildən sonra adət-ənənəmizə uyğun qaydada dəfn olunub. Hüquqlarını müdafiə etdiyim şəxs Xocalı hadisələrində iştirak etsə də, heç kimi öldürməyib, mülki şəxslərə atəş açmayıb, o, sıravi əsgər kimi xidmət edib. Madat Babayan 1991-1994-cü illərdə Azərbaycan xalqına qarşı etnik təmizlənmədə, o cümlədən Xocalı hadisələrində verilən işgəncələrə yalnız şahidlik etdiyindən səmimi peşmandır. Buna görə Azərbaycan xalqından və Azərbaycan Respublikasının Prezidentindən üzr istəyir".

Müdafiəçi təqsirləndirilən şəxsin ittiham olunduğu epizodlar üzrə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

M.Babayanın digər müdafiəçisi Elnur Vəliyev də özündən əvvəl çıxış etmiş müdafiəçinin çıxışında göstərdiyi xüsusatlarla razılaşdığını bildirib.

Koçaryanın, Sarkisyanın, Ohanyanın və digərlərinin də həbs edilərək, məhkəmə qarşısına çıxarılacaqları gün uzaqda deyil

Azərbaycan qanunvericiliyi ilə yanaşı beynəlxalq hüquq normalarına görə, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə maddi və mədəni irsi dağıtdığına, dövlətə məxsus, eləcə də əhalinin daşınan və daşınmaz əmlaklarını qarət və talan etdiyinə görə məsuliyyət daşıyır. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib.

Ermənistanın Azərbaycanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsində göstərilmişdir. Sənədin 28-ci maddəsində qeyd edilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamənin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir. Sənədin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".

Azərbaycan beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində iddialar qaldırır. Artıq Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib. Eyni zamanda Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə verib. Əminliklə demək olar ki, beynəlxalq birlik, xüsusilə də beynəlxalq məhkəmələr Azərbaycanın iddialarının haqqlı və əsaslı olduğunu anlayırlar. Bu baxımdan beynəlxalq məhkəmələr ədalətli mövqe sərgiləyərək Ermənistana qarşı Azərbaycan dövlətinin qaldırdığı iddiaları təmin edəcək və bununla da daha bir vəhşi toplum-quruluş cəzasını almış olacaq.

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərləri ilə yanaşı Koçaryan, Sarkisyan, Ohanyan və Balasanyanda cinayət məsuliyyətinə cəlb edilməlidir. Təbii ki, proses davam edir və günün birində əsas terrorçulardan olan Koçaryan, Sarkisyan, Ohanyan və digərləri də həbs olunaraq məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar.

İLHAM ƏLİYEV