“İcbari tibbi sığortanın tətbiqi nəticəsində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası gücləndirilib və təqdim olunan tibbi xidmətlərin çeşidi əhəmiyyətli dərəcədə genişləndirilib. Xəstəxanada 15 müxtəlif ixtisas üzrə şöbə fəaliyyət göstərir və vətəndaşlara həm ambulator, həm də stasionar xidmətlər göstərilir. Müəssisə 229 çarpayı ilə stasionar tibbi xidmətlərin təşkili imkanına malikdir. İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya 30 adda yeni tibbi avadanlıq gətirilib. KT, MRT, qastroskop, elektroensefaloqrafiya, exokardioqrafiya, otoskop, oftalmoskop, laparoskop və digər diaqnostik cihazlar xəstələrin müayinəsində operativlik və dəqiqlik təmin edir. Həmçinin Hemodializ şöbəsi istifadəyə verilib və üç növbə üzrə fəaliyyət göstərir". SİA xəbər verir ki, bu fikirləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov media-tur zamanı səsləndirib.
Direktor bildirib ki, icbari tibbi sığortanın tətbiqi xəstəxananın fəaliyyətinin keyfiyyətini yüksəldib, tibbi xidmətlərin əlçatanlığını artırıb və vətəndaşlara yüksək standartlarda xidmət göstərmək imkanlarını genişləndirib.
O əlavə edib ki, yeni avadanlıqların gətirilməsi və şöbələrin inkişafı xəstəxananın həm diaqnostik, həm də müalicə imkanlarını gücləndirib və bu, region əhalisinin sağlamlıq göstəricilərinə müsbət təsir göstərir.