"Artan qlobal rəqabət hər bir ölkədən çevik qərarların qəbul edilməsini tələb edir". Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Gələcəyin Peşələr Sammiti"ndə deyib.
Onun sözlərinə görə, qlobal miqyasda baş verən proseslər göstərir ki, süni intellektin sürətli inkişafı, rəqəmsallaşmanın genişlənməsi və avtomatlaşdırmanın yeni mərhələsi dünya əmək bazarının strukturunu köklü şəkildə yenidən formalaşdırır: "Nəticədə bir çox ənənəvi peşələr yeni məzmun qazanır, əmək resurslarına yönəlmiş tamamilə fərqli bacarıq profilləri meydana çıxır. Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc olunan "İşlərin Gələcəyi Hesabatı"na əsasən, 2030-cu ilə qədər bugünkü iş yerlərinin 22%-i struktur dəyişikliklərinə məruz qalacaq".