Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil edilib

28 Noyabr 2025 10:43 (UTC+04:00)

Noyabr ayının 28-də Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə mediatur təşkil edilib. SİA xəbər verir ki, sözügedən tədbirin məqsədi gömrük orqanlarının fəaliyyəti ilə bağlı ictimaiyyətin daha ətraflı məlumatlandırılmasıdır.

Tədbirin açılışında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirov çıxış edərək media nümayəndələrinə iştiraklarına görə təşəkkürünü bildirib.
O qeyd edib ki, bu görüşün əsas məqsədi gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılması, tətbiq olunan nəzarət mexanizmlərinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması və media ilə ictimai əlaqələrin daha da möhkəmləndirilməsidir.

Çıxışda vurğulanıb ki, media yalnız informasiya ötürücüsü rolunu daşımır, eyni zamanda ictimai rəyin formalaşmasında qarşılıqlı tərəfdaş kimi mühüm funksiyaya malikdir. Xüsusilə gömrük kimi həssas və operativ sahədə informasiyanın düzgün, təhlükəsiz və məsuliyyətli şəkildə təqdim olunması böyük əhəmiyyət kəsb edir.

General-mayor Anar Cahangirov media nümayəndələrinin fəaliyyətinin peşəkarlıq tələb etdiyini bildirərək, onların gördüyü işin həm gömrük xidmətinin imicinə, həm də cəmiyyətin məlumatlandırılmasına birbaşa təsir göstərdiyini vurğulayıb.
Daha sonra video görüntü izlənib, media nümayəndələrinin sualları cavablandırılıb.

Günay Hacıyeva