Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə yüksəlib.
SIA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.
Bundan əvvəl 83 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, cəsədlərin əksəriyyəti alovun ən güclü olduğu iki binada tapılıb. Yanıq və xəsarət alanların sayı 155-ə çatıb; əvvəlcə təxminən 100 yaralı olduğu bildirilmişdi. Xəsarət alanlar arasında 11 yanğınsöndürən də var.
Qeyd edək ki, noyabrın 26-da günortadan sonra dünyanın ən sıx məskunlaşılan və ən çox hündür binaların olduğu şəhərlərindən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və 2 minə yaxın mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarda başladığı və küləyin təsiri ilə sürətlə yayıldığı bildirilir. Yanğınla əlaqələr yüzlərlə insanın taleyindən xəbər yoxdur.