Noyabrın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampı, birinci xanım Melaniya Trampı və Amerika xalqını Şükran Günü münasibətilə təbrik edib.
SİA-nın məlumatına görə, bu barədə V. Zelenskinin X sosial şəbəkəsindəki müraciətinə istinadla xəbər verir.
“Ukraynada çoxlu sayda həyatı xilas edən və hər gün müstəqilliyimizi müdafiə etməyə kömək edən bütün dəstəyə görə səmimi-qəlbdən minnətdarıq”, – deyə o yazıb.
Dövlət başçısı həmçinin Kiyev və Vaşinqton arasında əməkdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini bildirib.
“Biz münasibətlərimizin konstruktiv olmasına çox sevinirik və diplomatiyanın daha da müsbət inkişafını gözləyirik ki, nəhayət, Rusiyanın xalqımıza qarşı apardığı müharibəni birdəfəlik bitirək. Səmimi qəlbdən ümid edirik ki, ləyaqətli sülh və təmin edilmiş təhlükəsizlik bizim ümumi nailiyyətimiz olacaq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Şükran Günü (Thanksgiving Day) ABŞ-da hər il noyabrın dördüncü cümə axşamı qeyd olunan dövlət bayramıdır. Bu il sonuncu cümə axşamı ayın 27-nə təsadüf edir.