“Elektron göndərişlər vətəndaşın ixtisaslaşmış tibbi xidmətə çıxışını asanlaşdırır” - Arif Əkbərov

27 Noyabr 2025 15:34 (UTC+04:00)

“Vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin doğru tətbiqi tibb xidmətlərinin daha səmərəli təşkilini təmin edir. Göndəriş mexanizmi həm xəstənin düzgün istiqamətləndirilməsinə, həm də tibbi resursların optimal bölüşdürülməsinə xidmət edir". SİA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib.

A.Əkbərov bildirib ki, göndərişlərin əldə olunması prosesi tam elektronlaşdırılıb və şəffaf şəkildə həyata keçirilir: “İxtisaslı tibbi xidmətə ehtiyac yarandıqda göndəriş elektron qaydada formalaşdırılır. Təcili və təxirəsalınmaz hallarda isə vətəndaşın vəziyyətinə uyğun olaraq özəl tibb müəssisələrinə göndəriş verilməsi mümkündür və bu proses xüsusi qaydalar əsasında icra olunur".

Onun sözlərinə görə, özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına xidmət göstərilməsi üçün göndərişlərin təsdiqi Agentlik tərəfindən həyata keçirilir: “Göndəriş 24 saat ərzində təsdiqlənir və vətəndaşa SMS kod göndərilir. Bu kod təqdim edildikdən sonra pasiyent özəl tibb müəssisələri arasından istədiyi xəstəxananı seçə bilir".

Arif Əkbərov əlavə edib ki, göndəriş sistemi təkcə pasiyentin ixtisaslaşmış həkim və xidmətlərə çatmasını təmin etmir, həm də ümumi tibbi sistemdə vahid qərarvermə mexanizminin formalaşmasına şərait yaradır: “Bu mexanizm tibbi xidmətlərin keyfiyyətinə, resursların düzgün bölüşdürülməsinə, xəstələrin isə vaxtında və düzgün müalicə almasına mühüm təsir göstərir".