“Azərsun Holdinq”dən doğma dilimizə dəstək

27 Noyabr 2025 15:32 (UTC+04:00)

Fəaliyyətə başladığı gündən ölkəmizin tarixi, mədəniyyəti və dəyərlərinə xüsusi həssaslıqla yanaşan “Azərsun” bu istiqamətdə yüzlərlə layihə reallaşdırıb. SİA xəbər verir ki, bu dəfə adıçəkilən şirkətlər qrupu Azərbaycan dilinə dəstək məqsədilə wikisun.az layihəsini həyata keçirir.

Bu çərçivədə “Azərsun” əməkdaşları ötən il ərzində 3556-sı Vikipediyaya yerləşdirilməklə, ümumilikdə Azərbaycan dilində 12 minə yaxın ensiklopedik məqalə hazırlanıb.

İnternetdə Azərbaycan dilində ensiklopedik məqalə sayının artırılması məqsədilə həyata keçirilən layihə iki mərhələdən ibarət olub.

İlk mərhələdə əməkdaşlar arasında viktorina təşkil edilərək, məqalələrin yazılması təmin edilib.

İkinci mərhələdə isə məqalələr arasından tələblərə cavab verənlər peşəkar mütəxəssislər tərəfindən seçilərək, Vikipediyaya əlavə edilib.

Müasir dünyada bir dilin dəyəri həmin dildə mövcud olan məlumatların çoxluğu ilə ölçülür.

Bu reallığı nəzərə alaraq “Azərsun Holdinq” internetdə Azərbaycan dilində müxtəlif ensiklopedik məqalələrin sayının artırılması istiqamətində layihələr reallışdırmağa davam edəcək.