“Müraciət dinamikası səhiyyə xidmətlərinə tələbatın artdığını göstərir” - Zamirə Ədilova

27 Noyabr 2025 15:16 (UTC+04:00)

“TƏBİB tabeli tibb müəssisələrində 2025-ci ilin yanvar–oktyabr ayları üzrə qeydə alınan müraciət göstəriciləri ölkədə səhiyyə xidmətlərinə tələbatın artmaqda olduğunu təsdiqləyir. Bu dövrdə 21 milyon 41 min 253 müraciət, 77 milyon 404 min 977 tibbi xidmət, 309 min 812 cərrahi əməliyyat və 32 milyon 752 min 991 laborator müayinə icra olunub. Hazırda xidmətə çıxışın yaxşılaşdırılması və keyfiyyətin yüksəldilməsi istiqamətində TƏBİB tərəfindən mühüm layihələr həyata keçirilir". SİA xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Gəncə şəhərində media nümayəndələri üçün keçirilən təlimdə deyib.

O bildirib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi TƏBİB-in əsas prioritetlərindəndir: “İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün genişmiqyaslı institusional işlər aparılır. Mövcud idarəetmə, maliyyələşdirmə, kadr potensialı və infrastrukturla bağlı analizlər əsasında ‘İlkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair Konsepsiya Sənədi’ hazırlanıb. Sənəd 7 strateji istiqamət və 36 tədbiri əhatə edir ki, bunlardan biri də ilkin səhiyyə müəssisələrinin maddi-texniki bazasının yenilənməsidir".

Departament rəhbərinin sözlərinə görə, konsepsiya güclü ilkin tibbi-sanitariya yardımının qurulmasını, profilaktik tədbirlərə əsaslanan daha funksional səhiyyə sisteminin yaradılmasını hədəfləyir: “Əhalinin sağlamlıq problemlərinin vaxtında aşkarlanması və onların ən yaxın tibbi müəssisədə həll olunması əsas məqsədlərdəndir. Artıq pilot layihə Bərdə rayonunda tətbiq olunmağa başlayıb".

Z.Ədilova həmçinin regionlarda cərrahi və anestezioloji xidmətlərin inkişafının prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb: "Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi’ ölkənin müxtəlif regionlarında yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq məqsədi daşıyır. Yol xəritəsi çərçivəsində nevroloji, ürək-damar, protezləmə və digər müasir cərrahi xidmətlərin genişləndirilməsi, eləcə də regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqi nəzərdə tutulur".

Onun sözlərinə görə, layihə ÜST və BMT-nin dəstəyi ilə 2015-ci ildə yaradılan “Qlobal Cərrahiyyə 2030” üzrə Lanset Komissiyasının hədəflərinə uyğun şəkildə icra olunur: “Komissiyanın əsas məqsədi hər bir insanın təhlükəsiz və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir. TƏBİB tərəfindən hazırlanan yol xəritəsinə əsasən, 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə 90-a yaxın prosedura çıxış təmin ediləcək".

Z.Ədilova əlavə edib ki, 2030-cu ildən etibarən TƏB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin — neyrocərrahiyyə, ürək cərrahiyyəsi, protezləmə, bariatrik cərrahiyyə və digər sahələrin təşkili planlaşdırılır.